Putin Roqozini istefaya göndərəcək - Təhlil

Prezident İlham Əliyev mayın 18-də Bakıda Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul etdi. Rusiyalı rəsmilər içərisində Azərbaycana ən çox səfər edən Roqozindir. Bu Roqozinin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyasının həmsədri olmasından irəli gəlir.


AzNews.az xəbər verir ki, "Atlas" araşdırmalar mərkəzi Roqozinin səfəri ilə bağlı təhlil dərc edib.

Xatırladaq ki, Roqozin İlham Əliyevlə görüşdə Rusiya ilə Azərbaycan arasında əlaqələr uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirib.

Rusiya rəsmisi Azərbaycana budəfəki səfərinin məqsədini iki ölkə arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi ilə izah edib.

Roqozin hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparıldığını deyib. Öz növbəsində prezident İlham Əliyev Rusiya ilə əməkdaşlığın mövcud potensialın daha da artırılması üçün yaxşı imkanların olduğunu vurğuladı.

"Atlas" araşdırmalar mərkəzi hesab edir ki, Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altından olan qüvvələri narahat edir.

Belə ki, aprel ayında cəbhə bölgəsində döyüşlər zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılanıb.

Buna cavab olaraq Roqozin Ermənistandakı siyasi qüvvələrin demaqogiya ilə məşğul olduğunu deyib.

"Roqozin həm də onu söylədi ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq və Bakı həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi.

Dmitri Roqozin bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşmənidir. Çünki Bakı məhz Roqozinin vasitəçiliyi sayəsində Rusiyadan müasir silahlar alır. İrəvanın anlamadığı amil var. Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır.

Rusiya hakimiyyəti bu gəlirlərdən imtina etmək istəmir. Rusiya müdafiə sənayesinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır",-deyə bildirilib.

Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin son müşavirədə Roqozinə "qalstukunu düzəlt" sözləri ilə tənqid edib Bundan əvvəl isə Rusiya kosmik gəmisinin uçuşunun bir gün ləngiməsinə görə də Roqozin tənqid olunmuşdu. Çünki Rusiyada kosmik sənayeyə də Roqozin cavabdehdir.

"Roqozinin son günlər Kreml rəsmiləri və Kermlin nəzarətində olan media tərəfindən tənqid olunması Ermənistanı və erməni lobbisini sevindirir. Onların fikrincə, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq.

Roqozin qatı rus millətçisidir, vaxtilə millətçi partiyanın yaradıcılarından biri olub. Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir, amerikalı və avropalı rəsmiləri təhqirlərindən də çəkinmir. Bu mənada Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi onun praqmatik maraqlardan irəli gəlir. Roqozin Rusiyanın gəlirini artırır.

Ona görə də Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın və erməni lobbisinin vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur".