Qafar Əliyev: “AzNews.az-a verdiyim müsahibədəki fikirlərimi başqa istiqamətə yozmağa çalışıblar” Qafar Əliyev: “AzNews.az-a verdiyim müsahibədəki fikirlərimi başqa istiqamətə yozmağa çalışıblar”

PA rəsmisinin müsahibəsi ona problem yaradıb - REAKSİYA

Qafar Əliyev: “AzNews.az-a verdiyim müsahibədəki fikirlərimi başqa istiqamətə yozmağa çalışıblar”



"Mən Azərbaycan hakimiyyətinin demokratik prosesi dondurduğunu deməmişəm. Bəzi mətbu orqanlar mənim müsahibəmi olduğu kimi təqdim etməyib və təxribat xarakterli başlıqlar seçiblər". Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev bildirib.

PA-nin sektor müdiri bir daha söyləyib ki, YAP hakimiyyəti demokratik prosesləri yaxın 10 ildə tam başa çatdırmağı planlaşdırır: "Bu prosesə sərf olunan 30 ilin artıq 20 ili arxada qalıb, növbəti 10 ildə isə biz Azərbaycanda demokratikləşməni tam həyata keçirməyi düşünürük. Əgər demokratik dövlətlər bu prosesə 250-300 il vaxt sərf ediblərsə, amma YAP isə bunu 25-30 il ərzində başa çatdıracaq. Biz onlardan ən azı 10 dəfə tez demokratik prosesi tam başa çatdırmağı nəzərdə tuturuq. Bu o demək deyil ki, Azərbaycan hakimiyyət indiyədək demokratik prosesi dondurub. Burada söhbət cəmiyyətin tam demokratikləşməsi prosesindən gedir. Azərbaycanda neçə il bundan əvvəl ölüm hökmü ləğv edilib, özəl televiziya və radiolar, azad internet və xeyli sayda mətbu orqanlar fəaliyyət göstərirlər. Bütün bunlar isə demokratikləşmə prosesinə xas olan amillərdir. Çox təəssüflər olsun ki, bəzi mətbu orqanlar mənim AzNews.az-a verdiyim müsahibədə söylədiyim fikirləri başqa istiqamətə yozmağa çalışıblar. Mənim müsahibəmdən təxribat xarakterli fikirlər yazıblar. Bir daha söyləyirəm ki, biz qanunçuluğu möhkəmləndirə-möhkəmləndirə demokratiyaya keçidi həyata keçiririk. Mənim söylədiyim bütün fikirlər ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin söylədikləri fikirlərə əsaslanır".

Vasif Həsənli
AzNews.az