Elxan SALAHOV Elxan SALAHOV

Gizli əməkhaqqı: uduzan kimdir?

Elxan SALAHOV



"Azərbaycanda real əməkhaqqının məbləği gizlədilir. Hazırda ölkədə məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri də qeydiyyatdan izlədilir. Prezident də bu məsələni kəskin şəkildə qaldırdı. Əsas məsələ real əməkhaqqılarının gizlədilməsidir. Cədvəllərdə əməkhaqqıları real əməkhaqqılarından 2 dəfədən çox aşağı göstərilir".

Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Səlim Müslümovun noyabrın 15-də Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasında söylədiyi bu fikirlər əslində, Azərbaycanda hökm sürən "gizli iqtisadiyyat"ın sosial sahəyə açıq təsirlərinin kulminasiya həddinə çatmasından doğan narahatlıqdır. Üstəlik neft hasilatının sürətlə azalması da yaxın bir neçə ildə Azərbaycan iqtisadiyyatı üçün ciddi təlatümlər vəd edir. Məhz bp-nin hasilatla bağlı proqnozlarının yalan çıxması postneft dövrünün gözlənildiyindən də tez yaxınlaşdığına işarədir və bu, təbii olaraq, narahatlıqları artırır. Ən azı ona görə ki, neft hasilatının azalması Azərbaycanın gəlirlərinin də sürətlə azalması deməkdir. Gəlirlərin azalması isə sosial layihələrin maliyyələşdirilməsini risk altına atır. Son bir neçə ayda bu məsələnin davamlı olaraq gündəmə gətirilməsi də hökumətin mövcud iqtisadi və sosial siyasətin perspektivlərindən ciddi təlaş keçirdiyini göstərir. Axı, söhbət həm də insanları onların aylıq tələbatlarını ödəyə biləcək məbləğdə əməkhaqqı ilə təmin etməkdən, ən əsası isə pensiya və müavinətləri vaxtlı-vaxtında ödəməkdən gedir.

Neft hasilatının proqnozlaşdırıldığından tez azaldığı bir vaxtda
"kölgə iqtisadiyyatı"nın təzahürlərindən narahatlıqlar, işçilərin sayının gizlədilməsindən və "ikili mühasibatlıq"dan şikayətlərin açıq müzakirəyə çıxarılması başadüşüləndir. Bu məsələdə aidiyyəti qurumların rəhbərləri ilə bərabər səviyyədə məsuliyyət daşıyan Səlim Müslümov Milli Məclisdə yaranmış fürsətdən istifadə edərək, Azərbaycanda real əməkhaqqının gizlədildiyini açıq şəkildə söyləyib. Düzdür, DSMF sədri indiyədək bu məsələdən bir neçə dəfə narahatlığını ifadə edib. Amma çox ehtiyatlı və üstüörtülü şəkildə. Bu dəfə isə Səlim Müslümov real əməkhaqqının gizlədilməsi "qara buxqalteriyan"nın cilovlanmamağı məsələsini kifayət qədər açıq və hətta belə demək mümkünsə, qətiyyətli şəkildə parlamentin tribunasından səsləndirib. Başında Milli Məclis sədarətinin, qarşısında hökumət üzvlərinin ( o cümlədən maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova) və 100-ə yaxın deputatın oturduğu tribunada.

DSMF sədri iş yerlərinin gizlədilməsindən danışarkən spiker Oqtay Əsədovun "Yığımlardan yayınmaların qarşısını almaq üçün Dövlət Sosial Müdafiə Fondunun bankda hesabları bağlamaqdan başqa nə çıxış yolu var?" sualının arxasında hansı ciddi məqamların olduğu aydındır: neft gəlirləri azaldıqca hökumət postneft dövrünün ağrılarını daha çox hiss etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, "ikili mühasibatlıq"la işləyən dövlət və özəl müəssisələrin bank hesablarına həbs qoyula biləcəyi də parlament sədrinin dilindən səsləndirilir. Bunu həm də "ikili mühasibatlıq"la işləyən nazirliklərə, idarə və müəssisələrə, bir növ xəbərdarlıq kimi də saymaq olar.

Kəsəsi, 2013-cü il büdcəsindəki rəqəmlər hökuməti ən azı yaxın gələcəyə yönəlik iqtisadi siyasətində daha ehtiyatlı və tədbirli olmağa sövq edir. Artıq hökumətdə başa düşməyə başlayıblar ki, ildən-ilə azalan neft gəlirlərinin büdcədəki yerini nə iləsə doldurmaq lazımdır. Bunu isə uzun illərdir "gizli iqtisadiyyatın" hesabına büdcədən yayındırılan milyardlarla manatın leqallaşdırılması ilə etmək mümkündür. O "gizli iqtisadiyyat" ki, orada milyardlarla manatla yanaşı bəlkə də milyonlarla iş yerləri, "ikili mühasibatlıq" hesabına iri məbləğli vergiləri büdcədən yayındırır. Büdcədən yayındırılan vəsait nəticə etibarilə sosial sığorta ödənişlərindən də yayınma deməkdir. Bu isə pensiya və müavinətlərin maliyyələşməsini ciddi təhlükə altına qoyur. Məsələnin DSMF sədri tərəfindən gündəmə gətirilməsi və narahatlığını parlamentin tribunasından hökumət nümayəndələrinin qarşısında açıq ifadə etməsinin də səbəbi budur.

Bununla belə, pensiya və sosial sığorta sistemində təkmilləşməyə nail olmaq heç də asan başa gəlməyəcək. Çünki buna nail olmaq üçün hökumət hər şeydən əvvəl "ikili mühasibatlıq"dakı ənənəyə son qoymalı və buna məhz dövlət orqanlarından başlamalıdır. Ortada rəsmi dövlət strukturlarında işləyib "ikili mühasibat"la əməkhaqqı alan, yəni maaşının bir hissəsi rəsmi, digər hissəsi "paket"də verilən, özəl təşkilatlarda isə maaş alan, ancaq sosial sığorta ödəməyən çoxlu sayda işçilər var. Belə işçilərin gələcək pensiyasının necə hesablanacağı, ümumiyyətlə, onların staja, yaşa, yoxsa, hansı qanuni əsasa görə pensiya çıxacaqları müəmmalıdır. Ən çətini isə odur ki, hazırda ölkədə belə işçilərin sayı kifayət qədər yüksəkdir. Amma ölkədə "ikili mühasibatlığa" qarşı mübarizə gücləndirilməsə, sığortaya əsaslanan pensiya yığımları ciddi şəkildə artmayacaq.

DSMF sədrinin başında Milli Məclis sədarətinin, qarşısında hökumət üzvlərinin və deputatların oturduğu tribunadan ifadə etdiyi narahatlıqlar bir suala da yaradır: son 7-8 ildə 1 milyondan artıq yeni iş yerləri yaradılıbsa, bu, sosial sığorta ödənişlərinin səviyyəsində niyə özünü göstərmir? Axı, bu qədər yeni iş yeri açılıbsa, və onun böyük əksəriyyəti daimidirsə, sosial sığorta ödənişlərinin səviyyəsi də artmalı idi!