Azərbaycan erməni yalanlarını ifşa edəcək

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ölkənin atlasının hazırlanması istiqamətində iş aparılır. Bu proses dövlət başçısının müvafiq fərmanı əsasında həyata keçirilir. APA-nın məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Qərib Məmmədov bildirib. Q.Məmmədov qeyd edib ki, hazırlanan atlas ümumilikdə 1 500 xəritədən ibarət olacaq.

Bundan başqa, ölkə prezidentinin bu ilin aprel ayında imzaladığı fərmana uyğun olaraq Cənubi Qafqaz regionunun 1903-cü il vəziyyətinə olan xəritəsinin hazırlanması istiqamətində iş aparılır. Bunun əsas məqsədi ermənilərin xəritələrlə bağlı yalanlarının ifşa edilməsidir.

Q.Məmmədov vurğulayıb ki, ermənilər özlərini regionun köklü sakinləri kimi qələmə verərək 2007-ci ildə hazırladıqları atlasda bütün Azərbaycan adlarını dəyişsələr də, Azərbaycan yeni hazırlanan xəritədə Çar Rusiyası dövründə olan reallıqları və Azərbaycan toponimlərini tam əks etdirəcək. Xəritə 75 min tirajla nəşr olunacaq.

AzNews.az