Pakistan və İranın Azərbaycana olan münasibəti - MÜQAYİSƏ

Heç kəsə sirr deyil ki, Pakistan İslam Respublikası qonşu ölkə İrandan fərqli olaraq Ermənistanın işğalçı dövlət olduğunu açıq-aşkar bəyan edir və bundan qətiyyən çəkinmir. Həm də Pakistan dövləti bununla ədalətli mövqedə olduğunu və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Əslində, bu cür mövqeyi Azərbaycana qonşu və müsəlman dövləti olan İran İslam Respublikası da bəyan edə bilər.

Çünki, Azərbaycan və İran arasında diplomatik münasibətlər qurulan zaman rəsmi Tehran hazırda Ermənistanın işğalı altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazi bütövlüyü kimi tanınıb və İran tərəfi müvafiq sənədə imza atıb. Bütün bunlara baxmayaraq İranın Ermənistana güclü dəstək və yardımlar göstərməsi birmənalı qarşılana bilməz və qarşılanmır da.
İstənilən şəxs indi internetdə axtarış aparsa, o zaman İran rəsmi şəxslərinin dilindən Ermənistanın işğalçı olması barədə bir dənə də hər hansı fikir və yaxud açıqlama tapa bilməyəcək. Amma İranın Azərbaycana olan münasibəti ilə Pakistanın münasibəti müqayisə olunmazdır. Təkcə son bir həftə ərzində Pakistanın rəsmi şəxslərinin dilindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsilə bağlı söylənilən fikirlərə nəzər salaq:

Pakistanın Baş nazirinin müavini Çaudri Pərviz İlahi: "Dağlıq Qarabağ Azərbaycanın tarixi əraziləridir. Odur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir".

Pakistan İslam Respublikası Senatının sədri Seyid Nayyər Hüseyn Bokari: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənə kimi Pakistan Ermənistanla heç bir münasibət qurmayacaq".

Pakistan İslam Respublikasının ordu başçısı, ordu generalı Pərviz Aşfaq Kayani: "Pakistan Azərbaycanın ərazi bütovlüyünü dəstəkləyir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənədək Ermənistanla heç bir əlaqə yaradılmayacaq. Pakistan ordusu hər zaman Azərbaycanın yanındadır".

İki ölkə arasında münasibətlərin səviyyəsini şərh edən Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov isə AzNews.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsində indi Pakistan-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir.

Vasif Həsənli
AzNews.az