“Azərbaycanda milli azlıqlarla bağlı vəziyyət normaldır” “Azərbaycanda milli azlıqlarla bağlı vəziyyət normaldır”

Əli Həsənov Cenevrə səfərinin məqsədlərini açıqladı - EKSKLÜZİV

“Azərbaycanda milli azlıqlarla bağlı vəziyyət normaldır”


Noyabrın 26-da Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Cenevrəyə səfərə gedəcək.

Səfərin məqsədi barədə AzNews.az-a eksklüziv açıqlama verən PA-nin şöbə müdiri Ə.Həsənov səfər zamanı Cenevrədə keçiriləcək BMT-nin Milli Azlıqlar üzrə sessiyasında iştirak edəcəyini bildirib: "Həmin sessiyada Azərbaycanda milli azlıqların fəaliyyəti, bu sahədə dövlət siyasəti, milli azlıqlarla bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və bundan irəli gələn məsələlərlə bağlı çıxışlar edəcəm".

Ə.Həsənov həmçinin deyib ki, hazırda Azərbaycanda milli azlıqlarla bağlı vəziyyət çox normaldır. Onun sözlərinə görə, Azərbaycan dövləti bu sahədə bir çox xarici ölkələrə nümunə hesab olunur: "Azərbaycanda bu cür vəziyyət, yəni tolerant mühiti və multikulturalizim sözün həqiqi mənasında dünyanın bir çox ölkəsinə nümunə ola bilər. Azərbaycanda milli azlıqların vəziyyəti, milli azlıqlara olan münasibət, milli azlıqların cəmiyyətdə yeri və rolu, o cümlədən digər bu kimi məsələləri istənilən dünya və post-sovet ölkəsi ilə müqayisə etmək olar.

Azərbaycandakı milli azlıqların vəziyyəti, onlara göstərilən dövlət münasibəti, milli azlıqların azərbaycanlılarla və ölkədəki digər millətlərlə müqayisəsi dünya və post-sovet ölkələri sırasında ən yaxşısı hesab olunur. Çünki, ölkəmizdə milli azlıqlar üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb".

Qeyd edək ki, PA-nin şöbə müdiri Ə.Həsənovun Cenevrəyə səfəri noyabrın 29-da başa çatacaq.

Vasif Həsənli
AzNews.az