Səfir: “Azərbaycan hər zaman Fələstinə dəstək verib”

"BMT Baş Assambleyasının Fələstinə müşahidəçi üzv statusu verməsinin rəmzi mənası var. Bu qərar sülh prosesinə xidmət edəcək".

Bunu APA-ya açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim deyib. Səfir BMT-də keçirilən səsvermədə qərarın lehinə səs verdiyi üçün Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib: "Azərbaycan hər zaman Fələstinə və Fələstin xalqına dəstək verib".

Səfir qeyd edib ki, səsvermədə Fələstini dəstəkləyən ölkələr Fələstinin daimi dostlarıdır. Lakin elə dövlətlər də var ki, tez-tez insan haqlarından danışsalar da, ikili standart siyasəti yeridirlər: "Təəssüf ki, bizə səs verməyən ölkələr oldu. İnsan haqları və mənəviyyat bəşəri dəyərlərdir. Onlar bir situasiyada tətbiq edilib, digərində tətbiq olunmaya bilməz. Son qərar təkcə Fələstinin yox, həm də insan haqları, ədalət və mənəviyyatın qələbəsidir. Qəbul olunan qətnamə Fələstinin müstəqil və suveren ölkə olduğunu təsdiqləyir və bu, çox vacibdir".

N.A.Kərim qeyd edib ki, Fələstin tərəfi problemin həlli yönündə danışıqları davam etdirməyə hazırdır və BMT-yə müşahidəçi statusu ilə qəbul olunmaq bu prosesə kömək edəcək: "Biz Fələstində sülh əldə olunmasını səbirsizliklə gözləyirik və sülh prosesinə qayıtmağın mümkünlüyünü böyük dövlətlərlə müzakirə etməyə hazırıq.

Bu proses nəticə verməlidir, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Biz beynəlxalq hüquq, BMT qətnamələri, 2002-ci il ərəb sülh təşəbbüsü və "yol xəritəsi" əsasında imzalanmış razılaşmalar əsasında sülh prosesinin davam etdirilməsini istəyirik. BMT-də Fələstinə səs verənlər sülhə səs veriblər".

AzNews.az