“Tramp dediklərini etsə, Obamadan daha ağıllı davranmış olacaq”

“Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır”.


Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin spikeri Əli Laricani deyib.

O bildirib ki, Azərbaycanla əlaqələrin inkişaf tempi müsbətdir: "Düşünürəm iki, ölkə arasında mövcud olan potensiala görə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır. İndiki şəraitdə iki ölkənin əlaqələrini inkişaf etdiyini düşünürəm və gələcək əməkdaşlıq perspektivləri yaxşı görürəm".

İran-ABŞ münasibətlərinə gəldikdə isə Ə. Laricani deyib ki, Donald Tramp ABŞ-ın hazırkı prezidentindən daha ağıllı davranıb. Bununla belə o, Trampın İrana qarşı tutacağı mövqe haqqında indi konkret fikir bildirməyin mümkünsüz olduğunu bildirib: "Ona görə ki, bu məkrli addımlar hazırkı prezidentin dövründə atılıb. Trampın indiyədək açıqladıqları fərqli məsələlər olub. Nüvə məsələsi və İranın "5+1" ölkələri və ABŞ-la əldə etdiyi razılıq, regional məsələlərlə bağlı daha ağıllı çıxışlar edib. Deyib ki, elə olmamalıdır ki, 6 milyard dollar xərclənsin və nəticədə 5-6 min amerikalı həlak olsun. İŞİD-lə bağlı da açıq danışıb. Dediklərini icra edərsə, özündən öncəki prezidentdən daha ağıllı davranmış olacaq".

Ə. Laricani qeyd edib ki, İranın regional məsələlərlə bağlı öz mövqeyi var: "Amerika İŞİD-ə kömək edir. İŞİD-in müasir silahlardan istifadəsinə necə haqq qazandırırlar? Amerikalılar regionda gərginlik yaradıblar. Əslində, regionda təhlükəsizliyin lövbər saldığı yer bizik. Hücuma məruz qalmış İraqı və müqavimət qüvvələrini dəstəkləyirik. Biz məsuliyyət hiss etdiyimiz üçün bu işi görmüşük, özlərini yuxuya vurmuş ölkələr ayıq olmalıdırlar".

AzNews.az