"İran xarici siyasət prioritetlərində düzəlişlər etməlidir". "İran xarici siyasət prioritetlərində düzəlişlər etməlidir".

İran üçün kim daha önəmlidir: Ermənistan, yoxsa Azərbaycan?

"İran xarici siyasət prioritetlərində düzəlişlər etməlidir".


İran İslam Respublikasının prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfərə gedəcək. İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmailinin sözlərinə görə, bir günlük səfərin məqsədi İranın region və qonşu ölkələrlə əlaqələrinin dərinləşməsi və gücləndirilməsidir. Səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq, İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.



Maraqlıdır ki, İran həmişə müsəlman həmrəyliyini əsas gətirərək, Azərbaycanın Fələstinə qarşı təcavüzkarlıqda ittiham edilən İsraillə əlaqələrinə etiraz edir. Bir neçə gün öncə isə İran nümayəndələri İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri əleyhinə əsl əks-təbliğat kampaniyası həyata keçirdilər.



Lakin indi İranın dövlət başçısı Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, on minlərlə müsəlman əhalisini qətlə yetirmiş, məscidlərində donuz otaran ermənilərlə əməkdaşlığı genişləndirmək üçün İrəvana rəsmi səfər edir. Bəziləri bunu İranın xarici siyasətində məntiqsizlik, digərləri ikili standartlı yanaşma adlandırırlar.

Bəs əslində vəziyyət necədir və İranın şimal qonşularına baxışı nəyi ifadə edir? Məsələyə aydınlıq gətirən beynəlxalq məsələlər üzrə ekspert, politoloq Fikrət Sadıqov Milli.Az-a bildirib ki, İranın öz xarici siyasətində müəyyən düzəlişlər etməsinə ehtiyac var:



"Xarici siyasətdə rəsmi Tehranın öz prioritetləri var və bu onun öz işidir. Çünki İran suveren dövlətdir və biz də onların bu işinə qarışmırıq və qarışa da bilmərik. İran bizim qonşu dövlətimizdir və münasibətlərimiz yüksək səviyyədədir, hazırda da tərəfdaşlıq formatında inkişaf edir. İran həmçinin müsəlman dövlətidir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, bir sıra beynəlxalq təşkilatlarda bizim xeyrimizə olan qətnamələrin lehinə səs verib. Lakin beynəlxalq praktikada həm də "islam həmrəyliyi" anlayışı var. Əgər İran başa düşür və faktiki olaraq etiraf edirsə ki, Azərbaycanın torpaqları işğal altındadır və günahkar da Ermənistandır, o zaman öz xarici siyasətinə müəyyən düzəlişlər etməlidir. Hər halda bu məqamları nəzərə almalıdır. Çünki Azərbaycanın maraqları İran üçün müəyyən mənada yaxın olmalıdır".



Politoloq hesab edir ki, İran Ermənistanla münasibətlər saxlaya bilər, amma üstünlüyü hər zaman Azərbaycana verməlidir. Bunun bir sıra səbəbləri var: "İran Ermənistanla dostluq edəndə, ona himayədarlıq edəndə, rəsmi səfərlər təşkil olunanda və müxtəlif sazişlər imzalayanda Azərbaycanda da müəyyən suallar yarana bilər ki, niyə və hansı səbəblərə görə bu belə olur? Axı Ermənistana təzyiq olunmalıdır. Biz dövlətləri buna çağırırıq. Təbii ki, biz ilk növbədə bizə yaxın olan dövlətlərin bu addımları atmasını istəyərdik. Çünki biz məhz belə məqamlara arxalanırıq. Əksinə, biz görürük ki, İran Ermənistanla ilbəil daha isti münasibətlər qurur, bu ölkə ilə sazişlər imzalayır, ikitərəfli əlaqələr hərtərəfli inkişaf etdirilir. Əlbəttə ki, bu, bizi qane edə bilməz, buna biganə qala bilmərik və sözümüzü də hər halda deyirik. Ona görə də İran Ermənistanla Azərbaycan arasında seçim etməli olsa, birmənalı olaraq ikinciyə üstünlük verməlidir. Əvvəla, İran əhalisinin yarıdan çoxu azərbaycanlıdır. Bunu inkar etmək olmaz və bunu nəzərə almaq lazımdır. Həmçinin, burada dini amil də var. Biz müsəlman həmrəyliyi prinsipinə sadiq olmalıyıq. Digər tərəfdən, Azərbaycan regionda güclü dövlətdir və onun rolunu və mövqeyini düzgün qiymətləndirmək lazımdır. Bundan əlavə, Azərbaycanın İran və Rusiya ilə birgə həyata keçirdiyi və cənub qonşularımıza da böyük fayda verə bilən irimiqyaslı üçtərəfli nəqliyyat layihəsi var. Bunu da Tehranda nəzərə almalıdırlar. Ona görə də bir sıra amillər nəzərə alınsa, İran Azərbaycana üstünlük verməlidir".




Lakin F.Sadıqovun fikrincə, burada çox incə bir məqam da var: "İran prezidenti Ermənistana olan səfərini bir neçə dəfə təxirə salmışdı. Nəhayət, axırıncı variant kimi maraqlı bir səfər marşrutu seçildi. Ruhani Ermənistandan Qazaxıstana, oradan da Qırğızıstana gedəcək. Bəlkə də belə bir marşrutun seçilməsinin özü də bizim mövqeyimizin nəticəsidir. Çünki hiss olunur ki, İran burada müəyyən balansı qorumağa çalışır. Yəni H.Ruhani təkcə Ermənistana yox, digər müsəlman ölkələrinə də səfər edir".

Xatırladaq ki, İsrailin baş naziri B.Netanyahu Bakıdan Qazaxıstana səfər getmişdi. İran prezidenti Həsən Ruhani də İrəvandan birbaşa Qazaxıstana uçacaq.

Milli.Az