Partiya sədri Rüstəm İbrahimbəyovdan narahatdır

“Məni narahat edən amil odur ki, Rüstəm bəy Rusiyada yaradılan “Milyarderlər İttifaqı” ilə təmasdadır”




"Ziyalıların son iki ildə atdığı addımları müsbət dəyərləndirirəm. Azərbaycan ictimai fikri üçün ziyalı sözünün əhəmiyyəti həmişə böyük olub. Əvvəllər ölkədə baş verən özbaşınalıqlara, seçkilərin saxtalaşdırılmasına ziyalıların susması siyasi mübarizəni xeyli çətinləşdirirdi. Ona görə də indiki halda ziyalıların ölkədə baş verən proseslərə reaksiya verməsi müsbət qiymətləndirilməlidir".

Bu sözləri AzNews.az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Ziyalılar Forumunun təsisçisi Rüstəm İbrahimbəyovun yaradacağı "EL" Hərəkatından danışarkən deyib: "Çalışmaq lazımdır ki, "EL" Hərəkatı siyasi baxımdan canlandırılsın. Çünki nəzərə almaq lazımdır ki, ziyalıların mütləq əksəriyyəti siyasi baxımdan peşəkar deyillər. Yaradıcılıq sahəsində uğurlara nail olmaq siyasi texnologiyaları, prosesləri bilmək anlamına gəlməməlidir. Bəzi çətinliklər mövcud olsa da, bütövlükdə məram müsbət qiymətləndirilməlidir".

VİP sədri qeyd edib ki, yaradılacaq hərəkatdan partiyaya əməkdaşlıq təklif edilərsə, müzakirə ediləcək: "Hərəkatın siyasi məramı haqqında məlumatım yoxdur. Bizə əməkdaşlıq təklif edilərsə, həmin hərəkatın siyasi tərəfləri öyrəniləcək. Burada məni narahat edən amil var, Rüstəm bəy Rusiyada yaradılan "Milyarderlər İttifaqı" ilə təmasdadır. Həmin yaxınlığın nə dərəcədə olmasından məlumatsızam. Bu məsələyə aydınlıq gətirilərsə, "EL" Hərəkatının təklifi bütün hallarda müzakirə ediləcək".

İlkin
AzNews.az