“Bəziləri düşünür ki, piket-yürüş keçirməklə nəyəsə nail olmaq olar” - MÜSAHİBƏ

Yusif Bağırzadə: “Tanınmış bir ziyalının təşəbbüsü ilə partiyalararası danışıqlar başlayıb”





Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin APA-ya müsahibəsi

- AMİP-in seçki strategiyası müəyyənləşibmi?

- AMİP hakimiyyətə gəlməyin yolunun seçkidən keçdiyi qənaətindədir və Azərbaycanda hakimiyyət uğrunda mübarizə apardığını bəyan edən ilk siyasi partiyadır. Bundan başqa, müxalifət partiyalarının inteqrasiyası məsələsi də strateji xəttimizin bir hissəsidir.

- Ötən il AMİP-in İctimai Palatanı tərk etməsini bu partiyanın müxalifətin inteqrasiyasına xidmət etməməsi kimi şərh edənlər oldu. Hələ də İctimai Palatanı tərk etməklə düzgün addım atdığınız qənaətindəsiniz?

- Bu qərar tək mənim yox, partiyanın qərarı olub. Çünki AMİP-də bütün qərarlar kollegial qəbul olunur. İctimai Palatada və ya digər qurumlarda partiyanın təmsilçiliyi təkcə mənim arzumla həyata keçmir. Bizim İctimai Palatanın təsisçisi olmağımız da, buradan çıxmağımız da AMİP-in rəhbər strukturunun verdiyi kollegial qərara əsasən həyata keçib. O ki qaldı atdığımız addımın düzgün olub-olmamasına, bunu birmənalı olaraq bildirim ki, AMİP-in İctimai Palatanı tərk etməsi düzgün qərar idi. Sonuncu hadisələr də göstərdi ki, bu qərarı verməklə düzgün addım atmışıq. Düşünürəm ki, bu vəziyyətdə AMİP-in bu qurumda olmaması yaxşı haldır.

- İctimai Palatadan kənarlaşdıqdan sonra partiyanın hər hansı birlikdə olmayacağı qənaəti vardı. Səhv etmirəmsə, AMİP-in buna bənzər açıqlaması da olmuşdu...

- Bayaq dediyim kimi, İctimai Palatanı tərk etməyimiz düzgün addım idi. Bunu hazırkı situasiya da göstərdi. Digər birliklərdə təmsilçilik məsələsinə gəldikdə isə, AMİP yarandığı gündən üzü bəri yaranmasında və təşkilatçılığında iştirak etmədiyi heç bir birlikdə təmsil olunmayıb. Biz ancaq yaranmasında özümüz iştirak etdiyimiz birliklərdə təmsil olunmuşuq. Məşvərət Məclisinin yaranmasında da məqsəd İctimai Palatadakı səhvləri təkrar etməmək və müxalifətin daha geniş konsolidasiyasına nail olmaqdan ibarət olub. Biz Məşvərət Məclisini yaratmaqla kənarda qalan siyasi dairələrin də fəallaşmasına nail olduq və bu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam edəcək. Bu gün müxalifətin konsolidasiyasını ən çox istəyən və bununla bağlı "Seçki İslahatları Memorandumu"nu belə qəbul edən ilk birlik Məşvərət Məclisidir.

- Bu istəyi İctimai Palatada reallaşdırmaq mümkün deyildimi?

- İlk gündən biz İctimai Palatanın daha geniş formatda olmasını istəyirdik. Çünki əvvəldən də bu niyyət razılaşdırılmışdı. Ancaq bu olmadı. Bunun əvəzinə İctimai Palata qapıları bağlamaq siyasəti apardı, bura gəlmək istəyən partiyaların yolu kəsildi və onların qarşısına müəyyən şərtlər qoyuldu. Bundan savayı, hər hansı bir təşkilatlanma olmadan vaxtsız aksiyaların keçirilməsi barədə qərar qəbul edildi. Bu da düzgün addım deyildi və zaman da bunu sübut etdi. Bu gün artıq İctimai Palatada olan bir qisim qüvvələr də müxalifətin daha geniş koalisiyasının yaranmasının vacib olduğu haqda fikirlər bildirirlər. Düşündük ki, bu qurumun belə formatda müxalifətin güc mərkəzinə çevrilməsi mümkün olmayacaq. İkincisi də 2010-cu ilin parlament seçkiləri kimin iqtidarla birgə olduğunu, kimin isə olmadığını göstərdi. Baxın, AMİP nə edir? İctimai Palatada olan qurumların vaxtilə öz yanında görmək istəmədiyi partiyaları Məşvərət Məclisi formatında bir-birinə yaxınlaşdırır. Biz bununla müxalifətin inteqrasiyası ilə bağlı niyyətimizi ortaya qoymuşuq. AMİP ilk gündən siyasi təşkilatların klub formatında birləşməsinin əleyhinə olub. Biz müxalifətin təklif etdiyi islahatlara nail olmağın birgə fəaliyyətdən keçdiyi qənaətindəyik.

- Bəs niyə bu istiqamətdə aparılan danışıqlar öz bəhrəsini vermir?

- Mən deməzdim ki, görülən işlər öz bəhrəsini vermir. Məsələn, kimin nə deməsindən asılı olmayaraq, 13 partiyanın təmsil olunduğu Məşvərət Məclisi fəaliyyət göstərir, "Seçki İslahatları Memorandumu" qəbul olunub. Onu da deyim ki, əslində Azərbaycanın fəal müxalifət partiyalarının siyasi baxışlarında ciddi ideoloji fərqlər yoxdur. Bu da müxalifətin birliyinə nail olmaq üçün bir şansdır.

- Demokratik Qüvvələrin Məşvərət Məclisinin perspektivinə inanırsınızmı?

- Məşvərət Məclisi siyasi partiyaların inteqrasiyası məqsədilə təsis olunub. Bu qurum burada təmsil olunan partiyaların qarşısına heç bir öhdəlik qoymur. Əksinə, siyasi proseslərdə fəal iştiraka zəmin yaradır. Bu qurumun qərarları da tövsiyə xarakter daşıyır.

- Ancaq ictimaiyyət Məşvərət Məclisindən daha kəskin addımlar atmağı gözləyirdi...

- Niyə, bəziləri elə düşünür ki, aksiya, piket, yürüş keçirməklə nəyəsə nail olmaq olar? Əlbəttə, bu da lazımdır. Siyasi mədəniyyət bir yerə toplaşıb, bu və ya digər məsələləri müzakirə etməklə başlayır. Müxalifətin yolu vahid ideya, namizəd və platforma mövqeyindən çıxış etməkdən keçir. Keçmiş SSRİ məkanında olan ölkələrin bir çoxu uğuru bu strategiyanı qəbul etməklə əldə ediblər. Yəni bu, sınanmış taktikadır.

- Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürüb. Belə vəziyyətdə müxalifətin konsolidasiyasına hansı şəkildə nail olmaq olar?

- Əlbəttə, Müsavat Partiyasının iştirakı olmadan müxalifətin birliyinin reallaşdırılması çətin olacaq. Müsavatın hazırkı mövqeyi müxalifətin birliyinin reallaşdırılmasında problem yaradacaq. Lakin seçki kampaniyasına rəsmi start verilməyib. Bu baxımdan hələ yaxınlaşmaq imkanı tükənməyib. Əgər bu baş verməsə belə, yenə də o fikirdəyəm ki, heç olmasa birlikdə mübarizə aparmaq istəyən qüvvələrin birliyinə və vahid mövqedən çıxış edərək birgə mübarizəsinə nail olmaq lazımdır.
Əslində əsas və güclü siyasi partiyaların bir araya gəlməsi daha uğurludur. Bununla razıyam. Hətta sizə bir məlumatı verim ki, artıq bu partiyaların seçkilərdə birgə fəaliyyəti ilə bağlı təşəbbüs var və bu istiqamətdə danışıqlar gedir. Hələlik bununla bağlı mətbuata açıqlama verilməməyə dair razılaşma var.

- Danışıqlar hansı partiyanın təşəbbüsü ilə başlayıb?

- Heç bir partiyanın. Azərbaycanda kifayət qədər tanınmış bir ziyalının təşəbbüsü ilə bu danışıqlar başlayıb. Müzakirələr partiya sədrləri səviyyəsində aparılır.

- Bu müzakirələrdə Müsavat Partiyası iştirak edirmi?

- Hələlik Müsavat Partiyasının başqanı bu müzakirələrə qatılmır. Bizim niyyətimiz İsa Qəmbərin də bu danışıqlara qoşulmasıdır. Hələ ki buna nail olmamışıq. Ancaq dediyim kimi, həmin partiyaların görüşü baş tutub və müzakirələr gedir. İlkin olaraq istəklərimizdən biri də Müsavat Partiyasını öz aramızda görməkdir. Biz elə bir model təklif edəcəyik ki, Müsavat bundan imtina etməsin.

- Bu yeni model olacaq?

- Xeyir, "Seçki İslahatları Memorandumu"ndan irəli gələn təşəbbüsün davamıdır.

- Bəs, bütün bunlar öz bəhrəsini verməzsə, AMİP prezident seçkilərinə hansı formatda qatılacaq?

- Ümid hələ tükənməyib. Ancaq belə davam edərsə, yəni müxalifətin birliyinə maneə yaradan partiyalar öz mövqelərindən çəkinməzsə, AMİP fərdi qaydada seçkiyə gedəcək. Martın birinci ongünlüyündə AMİP Mərkəzi Şurasının iclası keçiriləcək. İclasda qurultayın vaxtı bəlli olacaq. Qurultayda isə AMİP-in seçki mövqeyi və namizədi müəyyənləşə bilər.