Əli Əhmədov İsmayıllı müşavirəsində nələrin müzakirə edilməsindən danışdı

"Bu gün İsmayıllıda ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərlə görüşlər keçirdik, müəyyən söhbətlər apardıq. Keçirdiyimiz görüşlərin bir məqsədi var ki, vətəndaşları narahat edən məsələləri onların öz dilindən eşidək, nöqsanların aradan qaldırılması istiqamətində birgə fikir mübadiləsi aparaq".

APA-nın müxbiri İsmayıllıdan xəbər verir ki, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov İsmayıllı rayonunda yerli ictimaiyyətin nümayəndələri ilə görüşü şərh edərkən deyib.

Ə. Əhmədov bir neçə gündür, İsmayıllıda yaşanan gərginliyin hər kəsi narahat etdiyini qeyd edib: "Bu bütövlükdə sabitliyimizə, dövlətçiliyimizə xələl gətirən, İsmayıllı sakinlərinin narahatlığına səbəb olan hadisədir. Biz bu narahatlıqların tezliklə aradan qalxmasını istəyirik. Bu gərginliyin aradan qaldırılması üçün ən vacib şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır. Mən qəti əminəm ki, İsmayıllı əhalisi bu gərginliyin nəinki tərəfdarı deyil, əslində narahatlıq keçirən, bu hadisələrdən ən çox əziyyət çəkən sadə insanlardı. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər var. Müəyyən qüvvələr adi avtomobil qəzası ilə bağlı yaranan söz-söhbəti böyüdərək iğtişaşlara gətirib çıxarır. Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi divident qazanmağa çalışır.

Ə. Əhmədov İsmayıllıda əhalinin əksər hissəsinin sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlardır: "Yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə bifşa olunmalıdırlar".

O, YAP-nın İsmayıllı rayonunda minlərlə fəal üzvünün olduğunu bildirib: "Onlar dövlətimizə, İsmayıllının inkişafına xidmət edən insanlardı. Onlar da bu narahatlığın aradan qalxmasına öz töhfələrini verəcəklər. Dünən gecə və bu gün rayonda vəziyyət yaxşı olub. Hamı gərginliyin aradan qalxdığını düşünür və yaxşı təəssüratlar var. Buna baxmayaraq müəyyən qüvvələrin gərginlik yaratmasına imkan verilməyəcək. Yerli sakinlərlə görüşümüzdə bildirdik ki, tanımadıqları şəxslərin kənardan rayona gələrək aranı qarışdırmasına imkan verməsinlər. Görünür ki, belə qüvvələr var. İsmayıllı camaatı rayonda sabitliyin təmin edilməsi işini öz əlinə almalı, təxribatlara uymamalıdır".

AzNews.az