Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar. Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar.

Ermənistan-Azərbaycan Sülh Platformasının iştirakçılarından - Bəyanat

Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar.

APA-nın məlumatına görə, bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə 2016-cı ilin dekabrın 6-da Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma yaradılıb. Platforma münaqişənin sülh nizamlanmasına töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür.

Platformanın yaradılması təşəbbüsü beynəlxalq ictimaiyyətin marağına səbəb olub, habelə münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib və bu sülhməramlı təşəbbüsünü münaqişənin sülh nizamlanması prosesində önəmli rolunu qeyd edib. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və iki ölkənin vətəndaş cəmiyyətinin fəalları Platformaya qoşulmaq və Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülhün bərqərar olunmasında iştirak etmək niyyətini ifadə ediblər. Bu bir daha onu sübut edir ki, Ermənistanla Azərbaycan arasında Platformanın yaradılması bu məqsədlərin əldə edilməsi üçün vaxtında atılmış addım olub.

Lakin bu sülhməramlı təşəbbüsü dəstəklədiklərini bəyan edən erməni ictimai xadimləri və sülh carçıları Ermənistan hökuməti və hüquq-mühafizə orqanlarının ciddi təzyiqinə məruz qalıblar. Azərbaycan mətbuatında sülh təşəbbüsünə dəstəklə bağlı açıq bəyanatından dərhal sonra Dağlıq Qarabağda gənc şairə Lusine Nersisyan müvəqqəti saxlanılıb. Bundan əlavə İrəvanda digər vətəndaş fəalı – Azərbaycan hakimiyyətindən siyasi sığınacaq almaq məqsədi ilə müraciət edən Armen Virabyanın qohumları görünməmiş təqiblərə məruz qalıblar. Təqib və təzyiqə həmçinin İrəvandan olan fəal Tamella Arzumanyan və ABŞ-dan olan yazıçı Anna Paytyan, habelə onların qohumları məruz qalıblar.

Yuxarıda qeyd olunanlara əsaslanaraq, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma adından beynəlxalq ictimaiyyəti aşağıdakıların həyata keçirilməsi üçün səyləri artırmağa çağırırıq:

Ermənistan və Azərbaycan arasında Sülh naminə Platformaya dəstəyi ifadə edən erməni fəallara qarşı repressiya və təzyiqlərin qarşısının alınması;

Dağlıq Qarabağda yaşayan gənc yazıçı Lusine Nersisyana qarşı təqiblərin dayandırılması;

Almaniyada yaşayan vətəndaş fəalı Armen Virabyanın ailə üzvlərinə və yaxınlarına təzyiqlərin dayandırılması;

Gənc fəal Tamella Arzumanyan və onun ailə üzvlərinin sıxışdırılmasının dayandırılması;

ABŞ-da yaşayan yazıçı Anna Paytyanın ünvanına səslənən təhdidlərin dayandırılması;

İki ölkənin sıravi vətəndaşlarının, ictimai fəalların, QHT-lərin Platformaya qoşulmasının təşviq edilməsi.

Müraciəti Ermənistan tərəfindən hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan, “Ermənistanın Milli Azadlıq Hərəkatı” ictimai birliyinin lideri Vaan Martirosyan, jurnalist, “Meridian” ictimai birliyinin sədr müavini Süzan Caqinyan, Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş fəalları Anait Sinanyan, Armen Karapetyan və Tamella Arzumanyan, Azərbaycan tərəfindən isə Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, jurnalist, “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” ictimai birliyinin sədri Şəlalə Həsənova, “Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfərova, vətəndaş fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini Rasim Ağayev və Avrasiya Press Beynəlxalq Fondun sədri Umud Mirzəyev imzalayıblar.

AzNews.az