Əli Həsənov: ”Məruzənin heç bir əsası yoxdur”

PA rəsmisi: “Azərbaycanda “siyasi məhbus” olmadığı üçün bu sənədin qəbul edilməyəcəyi Azərbaycan hökumətinə əvvəlcədən məlum idi”



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı təqdim etdiyi hesabatın qəbul edilməməsi tamamilə ədalətlidir.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, Azərbaycanda "siyasi məhbus" olmadığı üçün bu sənədin qəbul edilməyəcəyi Azərbaycan hökumətinə əvvəlcədən məlum idi.

O bildirib ki, məruzə əvvəlcədən iflasa məhkum idi:

"Çünki, bu məruzənin heç bir əsası yox idi. O, özünün və ayrı-ayrı "hüquq müdafiəçiləri"nin subyektiv mülahizələrinin əsasında həm siyahını hazırlamışdı, həm də bəzi məhbuslara yanaşmada onun mülahizələri subyektiv idi".

PA rəsmisi deyir ki, Azərbaycan dövlətinə təzyiqlər etmək, onu öz milli maraqlarından çəkindirərək onlara uyğun siyasət yürütməyə təhrik etmək istəyirlər:

"Bunlara nail olmayanda, bu tip açıqlamalar verirlər, bu tipli hesabatlar hazırlayırlar. "Siyasi məhbus" birinci gündən bəyan etmişik Azərbaycanda yoxdur. Azərbaycanda konkret törətdiyi əməllərə görə, məhkum olunmuş insanlar var".

AzNews.az