DİN-in qrafiki İsa Qəmbəri qane etməyib-REAKSİYA

"İsa Qəmbərin 35 maşından ibarət böyük maşın karvanı avtomagistralda digər avtomobillərin hərəkətinə maneçilik yaradıb"



Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı İsa Qəmbərin Lənkəran rayonuna səfərinin baş tutmamasına münasibət bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, İsa Qəmbərin Lənkərana səfərinə polis heç bir müdaxilə etməyib: "Azərbaycan polisi daim hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin.

Bu gün baş verən hadisə ilə bağlı isə deyə bilərəm ki, İsa Qəmbər 35 maşından ibarət böyük bir maşın karvanı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edib. Bu zaman onlar "Yol hərəkəti haqqında" qanunu pozaraq, avtomagistralda hərəkət edən digər avtomobillərin hərəkətinə maneçilik yaradıblar. Ona görə də Dövət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılarkən onlara yol hərəkəti haqqında qanun izah edilib və bildirilib ki, böyük bir karvanla yolda hərəkət etmələri digər vətəndaşlara maneçilik törədir".

E. Zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib:

" Onlara təklif olunub ki, əvvəlcə 4-5 maşın irəli hərəkət etsin. Daha sonra da bu cür kiçik karvanlarla digər maşınlar da yola davam etsinlər. Amma onlar DYP əməkdaşalrının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar".
"Daxili İşlər Nazirliyi bir daha bildirir ki, polis İsa Qəmbərin cənub bölgəsinə səfərinə heç bir maneə yaratmayıb. Əksinə, biz hər bir vətəndaş kimi İsa Qəmbərin də təhlükəsizliyini təmin etməyə hazırıq"

AzNews.az