“Əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik” - İlham Əliyev

“Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər aldıq. Bizim bu gün müzakirə etdiyimiz və 2014-cü ildə qəbul olunmuş üçüncü Dövlət Proqramı da yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq tərtib edilmişdir. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

“Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!”-deyə prezident bildirib.