Firudin Cəlilov: “Mənə edilən zülm heç kimə edilməyib” Firudin Cəlilov: “Mənə edilən zülm heç kimə edilməyib”

“Elçibəyin getməsində mənim heç bir rolum olmayıb”

Firudin Cəlilov: “Mənə edilən zülm heç kimə edilməyib”



AzNews.az-ın yeni layihəsi - "Düz oturaq, düz danışaq..."


Layihənin ilk qonağı sabiq təhsil naziri, Ziyalılar Forumunun İdarə heyətinin üzvü Firudin Cəlilovdur.


- Firudin bəy, şair, Yazıçılar Birliyinin üzvü Seyran Səxavət "Modern.az"a verdiyi və elə həmin gün də imtina etdiyi müsahibəsində deyir: "Bir gün bu şəhərdə "ziyalı alqı-satqısı" ofisi görsəm, heç təcüblənmərəm". Bu fikrə münasibətiniz necədir?

- Seyrana demək istəyirəm ki, qardaşım, o ofis zatən var. O ofislər ziyalının başına istədiyi oyunu aça bilir. Bunu biz illərlə görmüşük və görə-görə də gəlirik. Yəni, bunu Seyran Səxavət bilmir? Bu ölkədə 37-ci ildəki dəst-xətt davam edir. Elə məsələlər var ki, media onu qabardır. Amma elə məsələlər də var ki, onlar gündəmə çıxmır, media bunlardan xəbərsiz olur. Rasim ərizə də yazıb gedə bilərdi. Bu da sınmaqdır, dostu Rüstəmi satmaqdır. Bunlar həmin o ofisdə işlənilib hazırlanır. Son 20 ildə yüzlərlə belə hadisələr baş verib. Məgər Rasim təkdir? Görün, Azərbaycan siyasəti nə qədər Rasimlər itirib.

- Məsələn...

- Elə mənim özüm. Yəni, az-çox, yaxud da yaxşı-pis cəmiyyətdə bir imicim var. Dövlət vəzifələrində işləmişəm, bu xalqın tarixi ilə bağlı onlarla kitab yazmışam. 20 ildir ki, məni adi bir məktəbdə dərs deməyə də qoymurlar. Bu nədir? Represiya deyilmi?

- Bir vaxtlar Azərbaycanın öndə gedən ziyalı ordusu vardı - Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Ziya Bünyadov, İsmayıl Şıxlı... Bunların xalq və ölkə rəhbərinin yanında sözləri keçirdi, prezidentlə görüşürdülər. Bugünkü ziyalıların isə sadəcə, adı qalıb...

- Bayaq dediyim Prezident Aparatındakı ofis bütün əlaqələri qırdı. İndi bir çoxları Heydər Əliyevi bəyənmir. Amma Heydər Əliyev bu ziyalı təbəqəsinə çox həssas yanaşırdı. Xüsusən, sənətkarlara, tanınmış şəxslərə, alimlərə.
Siz bu gün həssas məsələlərə toxundunuz. Amma bundan vacib məsələlər var. Mənim kimi yüzlərlə adam abrına qısılıb ziyalılıq faciəsini içində yaşayır. Bu ziyalılar hamısı danışmalı, gündəmə gəlməlidir. Ölkə mətbuatını ayağa qaldırmalıdır.

- Söhbət hansı ziyalıdan gedir? Müsahibə verib sonra sözünü və özünü dananlardan, yoxsa...

- Rəhmətlik Elçibəylə bizim bir müəllimimiz olub - Xudu Məmmədov. O, bizə dərs deməyib. Amma ikimiz də onu əsl ziyalı kimi özümüzə müəllim sayırdıq. İndi o cür ziyalılar yoxdur, heç gözləməyin də.

- Sizcə, indi o cür ziyalılar niyə yoxdur?

- Çünki son 20 ildə repressiya maşını işləyib. Bu maşının arasında Xudu Məmmədov necə yetişə bilər. Ziyalılar o maşının məngənəsi arasında boğulur, qolu-qıçı kəsilir. Gözümüzün qarşısında oldu hər şey. Rasim kimi bir aktyoru gördünüz, necə sındırdılar. Bunların hamısı o maşınının işləridir. Bilirsiniz, bunu niyə edirlər? Bunu həm də o biri ziyalılara bir görk olsun deyə edirlər. Səslərini çıxarmasınlar, həqiqəti deməsinlər. Sabirin bir şeri var. Deyirdi ki,

Görmə deyirsən, baş üstə,
Gözümü yumaram görmərəm,
Eşitmə deyərsən, baş üstə,
Qulağımı bağlayaram eşitmərəm,
Amma deyirsən qanma...onu mən necə edim?

Qanıram axı, görürəm ki, bu ədalətsizliklər baş verir, millətin başına bu faciələr açılır. Bunu qanmamaq necə olar? Bax, o qanan insanlar üzə çıxmalı və həqiqəti deməlidir. Onlar bilir ki, cəmiyyət kimin arxasınca getməlidir. Onlar dövlətini, xalqını sevən insanlardır. Bu hökumət mənə elədiyi zülmü heç kəsə etməyib. Rasimə nə ediblər ki? Dünənə kimi filmlərə çəkilirdi. Yenə də çəkilib, qazanacaq. İkinci bir ziyalı tapa bilməzsən ki, mənə dəyən təpik ona dəysin.

- Sizcə bu "təpik"in arxasında nə dururdu? Elçibəy hakimiyyəti, yoxsa...

- Yox. Həqiqəti deyib, xalqın dərdini gündəmə gətirən, hökumətin qüsurlarını üzə deyən adamlar susdurulmalıdır. Bu Seyranın dediyi o ofisin daimi və dəyişməz proqramıdır.

- Deyirsiniz ki, həqiqəti dediyinizin ağrısını çəkirsiniz. Bütün bunlara rəğmən "satıldınız", yaxud da hər hansı bir bəyanat imzaladınız?

- Mənim kimi yüzlərlə adam var. Mənim adım gələndə deyirlər ki, "bu ədaləti bərpa edən nazir olub, təhsilə test gətirib". Bu cür şeylərlə tanıdırlar.

- Ziyalılar Forumu "El hərəkatı" yaratdı. Deyilənə görə, Siz də bir vaxtlar belə bir nizamnamə ilə çıxış etmisiniz?

- Rüstəm İbrahimbəyov adına uyğun hərəkət edir. Onun özü də bilmir ki, adının mənası nədir? Rüstəm sözü qədim Aslan sözündəndir. Ruslar onu Ruslan, farslar da Rüstəm ediblər. Bu kişi Aslandır. "El hərəkatı"na gəlincə, bəzi qəzetlər onu mənimlə bağladı. Doğrudur, belə şeylər olub. Çünki "Xalq Cəbhəsi" yaranandan əvvəl mənim belə planım olub. Mən deyirdim ki, "Xalq Cəbhəsi" yox, "El hərəkatı" yaradaq. Onun məramnamə və nizamnaməsini yazdım. Elçibəy bir az "Xalq Cəbhəsi"nə meyl elədi deyə, getdilər onu yaratdılar. Mən isə "Xalq cəbhəsi"nin əleyhinə idim. Çünki o vaxt belə cəbhələrin yaranmasında yuxarıların marağı vardı. "El hərəkat"ının həm də milli fəlsəfəsi vardı. Nəsə, gördüm ki, məni bu mövzuda eşidən yoxdur, qoydum kənara. Heç cəbhənin də üzvü olmadım. Çünki o strukturu qəbul eləmirdim. 10 il əvvəl televiziyada bəyanat verdim ki, "El partiyası" yaradıram. Maddi imkanlar olmadığı üçün, təbii ki, bu iqtidar mənə "protiv" olduğundan belə bir partiya yaratmağa imkan verməzdi. Bu məsələ elə o cür də qaldı. Amma fikir versəniz görərsiniz ki, bu söz üzündə böyük fəlsəfə daşıyır. Ziyalılar forumu belə bir hərəkat yaratmaq istəyir. Mən ancaq bunu alqışlayıram. "El" sözünün öz içində demokratiya var. Yəni, rus, fars, ingilis dilində ölkə, vətən, xalq, dövlət hərəsi bir sözdür. Demokratiya isə xalqın hakimiyyətidir. Amma bizdə üç dənə el sözü var. El-ölkə, el-dövlət və el-xalq...Bu sözün daxilində milli tariximizdən gələn bir dövlətçilik gələnəyi var. Orada Eldar Namazov da var. O, bu məsələləri daha yaxşı bilir. Onu hər yerdə politoloq kimi təqdim edirlər. Çoxu bilmir ki, Eldar müəllim alimdir, elmi işi də Dədə Qorqudla bağlıdır. Bir də istərdim ki, "El hərəkatı"na qoşulanları "elçilər" adlandırsınlar.

- Firudin bəy, "gəlin düz oturub, düz dədanışaq"... Bu YAP-ın hakimiyyətə gəlməsində, hərəkatın hakimiyyətdən getməsində sizin rolunuz olmayıb

- Mən baş verənlərə görə məsuliyyət daşıyıram. Çünki mən də həmin komandada təmsil olunmuşam. Amma həmin dəyiş-düyüş ərəfəsində mən Misirdə olmuşam. Qiyam başlayanda mən burada yox idim. Sonra başa düşdüm ki, məni respublikadan niyə çıxardıblar. Bu da planın bir hissəsi olub. Plan beləymiş ki, Tofiq Qasımovu, məni ezamiyyət adıyla ölkədən çıxarsınlar və ikimizi də Misirə göndərsinlər. Deyəsən, Tofiq bəy bunu tez başa düşdü və getmədi. Amma mən getdim. Qayıdanda gördüm ki, Elçibəy gedib... Ona görə mənim vicdanım təmiz, alnım da açıqdır. O proseslərdə iştirak etməmişəm.

Bahar Rüstəmli
AzNews.az


Layihənin rəhbəri Mahir Hüseynbəylidir.