Lapşin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşdü - Baş Prokurorluq

A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra – fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.