Zəhranın ermənilər tərəfindən öldürülməsi Aİ-də müzakirə olundu

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Estoniyanın Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Tallində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşündə erməni silahlı birləşmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın iyulun 4-də öldürülməsindən danışıb.

AzNews.az Ədliyyə nazirliyinə istinadən xəbər verir ki, Aİ-nin yüksək rəsmiləri, üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin iştirakı ilə keçirilən görüşdə nazir F.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə diqqəti cəlb edərək, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara - mülki əhaliyə və mülki obyektlərə hərbi təxribatı nəticəsində azyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyini, daha bir mülki şəxsin ağır yaralandığını xüsusi vurğulayıb.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidirlər.

Nazirliyin məlumatında bildirilir ki, Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin narahatlığına səbəb olub. Bununla bağlı Azərbaycan tərəfi müvafiq bəyanatı nümayəndə heyətləri arasında yayıb, keçirilən bütün görüşlərdə və danışıqlarda həmsöhbətlərin diqqəti bu məsələyə cəlb olunub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.