Aİ Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir

Avropa İttifaqı (Aİ) Tvinninq layihəsi vasitəsilə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Aİ-nin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Aİ tərəfindən Tvinninq layihəsinə start verilib.

Həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.

Layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.

Bu layihə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacaqdır.