“Status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir” - Prezident

“1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir”.

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.

Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik”.

Prezident bildirib ki, Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir: “Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.

Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.

Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır: “Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür.

Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.

İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.

Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram”.