Dünya Azərbaycandakı sabitliyi və inkişafı yüksək qiymətləndirir - Elman Nəsirov

"Niderland maliyyə holdinqinin Azərbaycanla bağlı analitik hesabatı olduqca əhəmiyyətlidir. Azərbaycandakı sabitlik, stabillik növbəti dəfə nüfuzlu bir holdinq tərəfindən dünyaya bəyan edilmiş oldu"

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov AzNews.az-a açıqlamasında Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsini şərh edib. Onun sözlərinə görə, holdinqin hazırladığı hesabatdan bəlli oldu ki, Azərbaycan əhalisinin 80 faizindən çoxu Azərbaycan hökumətinə etimad göstərir. Ən maraqlı tərəflərdən biri də odur ki, insanlarımızın öz sabahlarına, gələcəklərinə olan inamları təqribən 80 faiz təşkil edir.

"Bu, o halda baş verir ki, cəmiyyət sabitdir, xalq-hakimiyyət birliyi var, ictimai-siyasi sabitlik mövcuddur, ölkə prezidentinin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Yalnız belə olduqda, əhalinin böyük bir hissəsi öz gələcəyinə inanır və mövcud hakimiyyətə etimad göstərir. Eyni zamanda, bu hesabatda təkcə icraedici hakimiyyət deyil, qanunverici hakimiyyət də müzakirə olunan məsələlər arasındadır. Ekspertlərin gəldiyi nəticəyə görə, Azərbaycanda əhalinin 65 faizinin parlamentə etimadı, inamı var. Bu da qanunverici hakimiyyət üçün çox vacib amillərdəndir".

Deputat bildirdi ki, hesabatda xüsusi məqamlardan biri də Azərbaycanın gələn illə bağlı perspektivləri ilə əlaqədardır. Orada göstərilən rəqəmlər də kifayət qədər əsaslıdır. Göstərilir ki, Azərbaycanda gələn il üçün neftimizin bir barreli 51 dollar səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda dollar-manat nisbəti də müzakirə olunub. Burada da manatın dollara nisbətdə dəyər qazanması ilə bağlı ürəkaçan nəticələr olacağı proqnozları verilib:

"Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm siyasi, həm iqtisadi, həm də sosial və digər sahələrdə apardığı islahatlar artıq öz nəticələrini verməkdədir. Bu, ilk növbədə əhalinin sosial rifahında öz əksini tapıb. Bu səbəbdən də beynəlxal ekspertlər tərəfindən əhaliyə verilən suallara reaksiya da müsbət olub. Nəticədə niderlandlı ekspertlər Azərbaycanla bağlı nikbin proqnozları öz analizlərində əks etdiriblər. Maraqlı cəhətlərdən biri də odur ki, bu layihənin sifarişçisi Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı Proqramı"dır. Nəzərə alaq ki, bu proqram çərçivəsində Avropa İttifaqında yeni bir strateji çərçivə sənədi imzalanıb. Bu nöqteyi-nəzərdən Aİ-nin Azərbaycana olan bu yanaşması, aparılan araşdırmalar və təhlillər nikbin nəticələrlə sonlanır. Ümumilikdə isə bu hesabat, aparılan danışıqların dinamikasına və perspektivlərinə çox müsbət təsir göstərəcək".

Qeyd edək ki, Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində qeyd edilir ki, Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Elgün Mənsimov
AzNews.az