"Ümummilli lider Heydər Əliyev zirvəsinə haradan baxsaq, burada ancaq inkişafın, sabitliyin, tərəqqinin, milli özünüdərkin və bu kimi pozitiv proseslərin baş verdiyinin şahidi olacağıq" "Ümummilli lider Heydər Əliyev zirvəsinə haradan baxsaq, burada ancaq inkişafın, sabitliyin, tərəqqinin, milli özünüdərkin və bu kimi pozitiv proseslərin baş verdiyinin şahidi olacağıq"

“Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür” - Millət vəkili

"Ümummilli lider Heydər Əliyev zirvəsinə haradan baxsaq, burada ancaq inkişafın, sabitliyin, tərəqqinin, milli özünüdərkin və bu kimi pozitiv proseslərin baş verdiyinin şahidi olacağıq"

Bunu AzNews.az-a millət vəkili Hikmət Babaoğlu mərhum prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri şərh edərkən deyib. Millət vəkili qeyd edib ki, tarixi hadisələr Heydər Əliyevin Azərbaycana sovet hakimiyyəti dövründə də rəhbərlik etmək zərurəti yaradıb. Həmin illərdə də onun əsas amalı Azərbaycanı irəli aparmaq olub:

"Onun hakimiyyətinin birinci dövrü sovet, ikincisi müstəqillik dövründə olub. Ancaq fərqli, təzadlı ideoloji sistemlərə baxmayaraq, Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi milli inkişafı, milli tərəqqini təmin etmək olub və o, buna nail olub. Postsovet dövründə Azərbaycan xalqının milli özünüdərk prosesi də, Bakının kosmopolit şəhərdən milli şəhərə çevrilməsi də, Azərbaycanın neft sənayesindən kənar digər sənaye sahələrinin, o cümlədən aqrar sənayenin inkişafı da Heydər Əliyevin adı ilə bağlı olan hadisələrdir. Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür. O, sovet illərində təkcə Azərbaycanın deyil, SSRİ-də yaşayan bütün müsəlman xalqların lideri və hamisi idi. Bu nüans 1991-ci ildən sonra da Azərbaycanın bir çox xalqlarla isti münasibət qurmasına olduqca müsbət təsir göstərdi".

Millət vəkili bildirib ki, Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycandır. Əgər bu gün postsovet məkanından çıxmış çox az ölkə müstəqil siyasət həyata keçirə bilirsə, çox az ölkədə sabitlik bərqərar olunursa, onlardan biri Azərbaycandır və biz buna görə - Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin qurulmasına görə də Heydər Əliyevə borcluyuq.

Onun ən böyük əsərlərindən biri 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu Konstitusiya H.Əliyevdən sonrakı mərhələdə Azərbaycanın hüquqi və sosial dövlət kimi inkişafının əsasını yaratdı, ölkəmizi demokratik dövlət yoluna çıxardı. Heç şübhəsiz ki, hər bir dövlətin siyasi müstəqilliyinin arxasında iqtisadi müstəqillik dayanır. Bu konteksdən də baxanda biz görəcəyik ki, Heydər Əliyev müstəqilliyimizin çox ağır illərində Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün çox riskli və böyük layihəyə imza atmağı bacarıb. Bu, 1994-cü ildə imzalanan BTC neft kəməri layihəsi idi.
Heydər Əliyevin böyüklüyü, həm də ölkənin gələcəyini, yəni onun bioloji ömrünün sonrakı mərhələsində də qurduğu dövlətin yaşamasını təmin etməsidir.

Hikmət Babaoğlu qeyd edib ki, Heydər Əliyev erasından sonra da onun siyasəti, əqidəsi, azərbaycançılıq ideologiyası yaşayır. Bu gün də Azərbaycan çiçəklənən bir ölkədir.

Lalə Nurəddinqızı

AzNews.az