Azərbaycanı şimal qonşusundan kim küsdürür?

Rusiyada bəzi separatçı qüvvələr Azərbaycanla münasibətlərə kölgə salmağa çalışır.

Azərbaycanı Şimal qonşusu olan Rusiya ilə təkcə quru və su sərhədi bağlamır. Əsrlərə söykənən dostluq əlaqələrinin mövcudluğu günümüzə qədər qorunub saxlanılıb və bu isti münasibətlər illər ərzində böyük yol alıb. Azərbaycanın müstəqillik qazandığı illərdə diplomatik münasibətlərə başladığı ölkələrin sırasında Rusiya ilklərdən olub və geridə qoyduğumuz 25 il ərzində hərtərfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər gəlib çatıb.

Milli və beynəlxalq maraqlara xidmət edən bu münasibətlərə xələl gətirmək cəhdləri hər zaman olub .Və təəssüf ki, bu cəhdlər Rusiya tərəfindən müəyyən dairələrin diktəsi ilə baş tutub. Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə hər bir dövlətin analoji probleminə diqqətlə yanaşdığı kimi Rusiyanın da ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Lakin Rusiyanın bəzi çevrələrində bu münasibətlərə kölgə salmaq istəyən sapı özümüzdən olan baltalar iki ölkə ərzisində gərginlik yaratmağa cəhd etməklə problemi daha da dərinləşdirməyə cəhd göstəriblər. Təbii ki, neqativ qüvvələrin təsirində olan belə KİV-lərin və vətəndaş cəmiyyəti təsisatlarının mövqeyi Rusiyanın rəsmi diplomatiyasının siması deyil və ola da bilməz. Ermənilərlə iş birliyində olan, düşmən dəyirmanına su tökməklə mənsub olduğu çevrəni regional separatçılıq avantürasına çəkmək istəyən Zabil Məhərrəmov və F. Aboszadə kimiləri, heç şübhəsiz ki, erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərirlər. "Ermənilər bizim pənahımızdır" deyən bu cür satqınlar anlamırlar ki, separatçı fikirləri ilə Azərbaycanı parçalamağa cəhd etmək planları uğursuzluğa düçar olacaq. Çünki onlara qanad gərən özləri kimi separatçılıqda ad çıxarmış qüvvələrdir və onlar indiki halda beynəlxalq təzyiqlər altında əzilməyə məhkumdurlar. Amma erməni lobbisinin belə təhlükəli davranışının Rəsmi Moskva və Bakı arasında münasibətləri sarsıda biləcəyi də qaçılmazdır.

Politoloq Mübariz Əhmədoğlu AzNews.az-a verdiyi açıqlamasında qeyd etdi ki, bu qüvvələr Azərbaycanda nöqsan axtarmaqla, milçəyi filə çevirməklə məşğuldurlar. Amma Rusiyanın ictimai-siyasi dairələri bu adamlara heç bir dəstək vermirlər. Hansısa qrupların, media orqanlarının Azərbaycan-Rusiya münasibətlərinə kölgə salması artıq mümkün deyil. Çünki bu gün iki ölkə arasındakı münasiətlər çox yüksək səviyyədədir:

"Onların işlərində xəyanət odur ki, böyük bir qismi ermənilərin, digər qismi də dini təsirlərin altındadır, hətta İranla əlaqəsi olanlar da var. Hətta Moskvadakı azərbaycanlıların içərisində İranın təsiri çox güclüdür. Xüsusən də cənub rayonlarımızdan olan sakinlərin arasında İranın təsiri altına düşənlər daha çoxdur. Təbii ki, istər Ermənistan olsun, istər digər dövlət - onlar Azərbaycanın etnik güclənməsində maraqlı deyillər. Yəni Ermənistan üçün də, bizim digər qonşu dövlətlər üçün də ən böyük möcüzə, paradoks orasındadır ki, Azərbaycanın Qarabağ adlı problemi ola-ola, Azərbaycan necə inkişaf edir, uğurlar qazanır. Birmənalı olaraq, deyə bilərəm ki, Rusiyada heç kəs bu adamlara dəstək vermir. Azərbaycanda bu məsələlər çox ciddi şəkildə izlənilir. Rusiyada başa düşülür ki, Azərbaycanda separatçılığa dəstək vermək nə deməkdir. Əlbəttə, istər-istəməz qüsurlarımız, nöqsanlarımız da olmalıdır. Yəni harada ki hərəkətlənmə, bir iş varsa, orada müəyyən müvəqqəti qüsurlar yaranmalıdır. Mən bir sitat kimi, ölkə prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Lavrovu qəbul edərkən verdiyi bəyanatı xatırlatmaq istərdim. Ölkə prezidenti dedi ki, Tehranda Putinlə görüşdük ki, baxaq görək münasibətlərimizin inkişafı nə yerdədir, hansı nöqsanlar, hansı problemlər var, tapa bilmədik. Doğrudan da, bu gün Rusiya ilə Azərbaycan arasında heç bir ciddi məsələ, problem yoxdur. Bəli, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi daimi, ardıcıl, stabil olsa daha yaxşı olardı. Mən elə başa düşürəm ki, bu da düzələcək. Çünki Azərbaycan bu gün elə inkişaf mərhələsindədir ki, Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll etmək iqtidarındadır".

Şübhəsiz ki, 18 ölkə ilə sərhədləri birləşən Rusiyanın cənubunda Azərbaycan kimi stabil bir ölkənin olmasının avantajları böyükdür. Bu, qonşu dövlət üçün təkcə güvənlik deyil, eyni zamanda dərin iqtisadi maraqlar mövzusudur. Rusiyanın yuxarı dairələrində də bu amili yaxşı anlayır və dəyərləndirirlər.

Lalə Nurəddinqızı
AzNews.az