“Bunu mən xüsusi tapşırmışdım” - Prezident

"Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik".

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

Dövlət başçısı sənaye zonalarının yaradılmasının ölkəmizdə geniş vüsət aldığını bildirib: "Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq".

"Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir", - deyə prezident bildirib.