“Amnesty İnternational” 10 mart aksiyasıyla bağlı bəyənat verdi

"Amnesty İnternational" 10 mart aksiyası və həbs edilən NİDA-çılarla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Azərbaycanda son zamanlar baş verən müəmmalı əsgər ölümləri ilə bağlı gənclərin təşkil etdiyi aksiyada və həmçinin aksiyadan əvvəl çoxlu saytda tutulanlar olub.

Təşkilat bildirir ki, 10 mart aksiyasından iki gün əvvəl, martın 8-də üç nəfər aksiya təşkilatçısı - Məhəmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin evinə narkotik və "Molotov kokteyli" qoyaraq həbs edilib. Bundan sonra onlar işgəncə altında, əvvəlcədən hazırlanmış etiraf ssenarisi ilə televiziya qarşısına çıxarılıblar. Başqa bir gənc fəal İlkin Rüstəmzadə 9 martda heç bir əsas gətirilmədən polis tərəfindən saxlanılıb.

Təşkilat qeyd edib ki, Bakıda martın 10-da keçirilmiş dinc nümayişdə polis aksiyaçılara qarşı göz yaşardıcı qazlardan, rezin güllələrdən və su şırnağından istifadə edib.

"Azərbaycanda dinc aksiyaları zorakı yolla dağıtmaq qarşıdan gələn prezident seçkiləri ərəfəsində müxalif qüvvələri susdurmaq üçün hakimiyyət orqanları tərəfindən bir növ repressiya tətbiqidir" - deyə Avropa və Mərkəzi Asiya üzrə "Amnesty İnternational təşkilatının direktor müavini David Diaz-Jogeix bildirib.

David Diaz-Jogeix bildirib ki, "Hakimiyyət orqanları dərhal bu cür repressiyalara son qoymalı və həbs edilənləri sərbəst buraxmalıdır"./musavat.com/