- Köhnə - Siyasət
- 13 Aprel 2018 11:41
- 6 006
Adı ilə məqsədi üst-üstə düşməyən təşkilat - ATƏT DTİHB-nin ənənəvi qərəzi
Dünən Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyaları 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar ilkin hesabatlarını təqdim etdilər. Çox təəssüf ki, bu qurumlar yenə də köhnə ənənələrinə sadiq qaldılar – qərəz və qeyri-obyektivlik.
Haqlı olaraq, Azərbaycanın ictimaiyyət və media nümayəndələri yerindəcə bu ilkin hesabatlara öz kəskin etirazlarını bildirdilər. Üstəlik, müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olundu və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırıldı. Bilidirildi ki, haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir. Bir sözlə, hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddianın, eləcə də öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmazlıq kimi təqdim edilməsinin tamamilə əsassız olduğu missiyanın diqqətinə çatdırıldı. Həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (ATƏT DTİHB) bu kimi faktları varsa, onların təqdim edilməsi tələb olundu.
Yaxşı, gəlin görək, 60 000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi nə dərəcədə mümkündür. Şübhəsiz, seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmazlıqların olması istisna deyil. Amma texniki qüsurların ümumiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi tamamilə qərəzli siyasi yanaşmanın nəticəsi deyilmi?
Əslində, ATƏT-in DTİHB-nun məhz bu mövqeyi gözlənilən idi. Bu təşkilat seçkiləri müşahidə etməsəydi belə, yenə həmin bəyanatı verəcəkdi. Çünki onlar əvvəlcədən hazırlanmış hesabatla Azərbaycana gəliblər. Bu, birinci hal deyil. Bu təşkilatın həmişə ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi heç kimə sirr deyil. Bu təşkilat haqqında artıq belə bir rəy formalaşıb - islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirmək. Ən acınacaqlısı isə budur ki, qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsidir.
Necə olur, “Euronews” kanalı kimi nüfuzlu beynəlxalq informasiya vasitəsinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yayımladığı reportajda bu həqiqətlər dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılır, ancaq sözügedən təşkilat elə öz havasını çalır?! Azərbaycandakı prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-lərindən, 120-yə yaxın jurnalist ölkəmizə gəlmişdi. Onlar arasında “The Washington Times”, “The Hill”, “The Jerusalim Post”, “The Times of Israel”, “Daily Caller”, “Muslim World Today”, “The Algemainer”, “ Independent Journal Review”, “RAI” TV, “New Europe”, “Al Jaazeera”, ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-lərin nümayəndələri vardı. Bunların heç biri hər hansı bir qanun pozuntusu aşkarlaya bilmədi, amma ATƏT DTİHB gözügörən çıxdı?!
Bunun qarşılığında “Sivil dialoq” adlı nüfuzlu beynəlxalq müşahidə qrupunun birinci missiyasının Azərbaycandakı prezident seçkiləri ilə bağlı yaydığı bəyanat bu siyasi kampaniyaya qiymət verilməsi baxımından olduqca dəyərlidir. Adıçəkilən missiyanın nümayəndəsi – İtaliya Xarici Əlaqələr Komitəsinin üzvü Antonio Radze bildirib ki, müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin “skan” olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm”.
Hələ, müxtəlif ölkələrin müşahidə missiyalarının, parlament üzvlərinin səsləndirdiyi obyektiv bəyanatları demirəm, bunlara gərək də yoxdur. Çünki ölkədə həqiqətən, bəlkə də bu vaxtadək keçirilən ən şəffaf seçkilər baş tutdu. Belə bir məqamda da ATƏT-in bu təşkilatının 11 aprel Prezident seçkilərinin şəffaflığına və demokratikliyinə kölkə salması olduqca gülməli və absurd görünür.
Aşkar olan isə budur: ölkəmizin getdikcə inkişaf etməsi, müstəqil demokratik siyasət yürütməsi hələ də bəzi dairələri qıcıqlandırır. Bunların önündə məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dayanır. Realda bu təşkilatın hesabatları hər bir ölkədə vəziyyəti düzgün qiymətləndirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımların dərin təhlili aparılmalı və obyektiv yekun nəticə çıxarılmalıdır. Ancaq təəssüflər olsun ki, bu təşkilatın adı ilə məqsədi ziddiyyət təşkil edir.
ATƏT-in sözügedən qurumu insan hüquqlarından, ölkələrin azadlığından danışarkən niyə bircə dəfə də olsun ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən, işğal faktından, Xocalı soyqırımından bəhs etmir? Bu qurum heç vaxt Ermənistanda parlamentin gülləbaran edilməsindən, siyasi məhbusların çoxluğundan, ökədəki xaosdan danışmır. Axı bu ölkə Azərbaycanın beynəlxalq miqyasda bütün səviyyələrdə tanınmış ərazi bütövlüyünü pozub. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqına, məcburi köçkünə çevrilib, həmçinin işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarda maddi-mədəniyyət abidələri dağıdılıb…
Artıq aydın şəkildə görünür ki, hər şeyi qara göstərmək, narazılıq predmetinə çevirmək, Azərbaycanda demokratiyanın olmadığını uydurmaq sırf şəxsi maraqların məhsuludur. Bu cür yalanlarla, ittihamlarla Azərbaycana təsir etmək, təzyiq göstərmək və öz yolundan döndərmək mümkün deyil. Digər tərəfdən, Azərbaycan cəmiyyəti belə qərəzli hesabatlar hazırlayan təşkilatları və onlara yalan məlumatlar göndərən «hüquq müdafiəçilərini» artıq yaxşı tanıyır və qəbul etmir.
Ona görə bu cür hesabatların sifarişçilərinin və müəlliflərinin qarşıya qoyduqları məqsəd elə xülya olaraq qalacaqdır...
Elgün Mənsimov
AzNews.az