İmperiya siyasəti

Cümşüd Nuriyev


II yazı

1804-cü ildə İrəvan xanlığından qaçan və Rusiya təəbəliyini qəbul edən 2 minə qədər haylar həmin boşaldılan kəndlərə yerləşdirilmişdir. Elə həmin il rus ordusu Qarapapaqların yaşadığı Şörəyel mahalını işğal edirlər. 1807-ci il rus-türk müharibəsindən sonra onlar İrəvan xanlığının və Qars paşalığının ərazisinə köçmək məcburiyyətində qalırlar.

"Gülüstan" (12 oktyabr 1813) müqaviləsi bağlandıqdan sonra Azərbaycanın Şəmşədil, Lor-Pəmbək və Şoragöl əyalətləri, həmçinin Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqları və Dağıstan Rusiya imperiasının tərkibinə qatıldı.

XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Sürməli-Dərəkənd-Parçanis, Saatlı, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə. Ruslar 1804-1813-cü illər ərzində İrəvan şəhərini tutmağa iki dəfə cəhd etsələr də, bu cəhdlər boşa çıxmışdır. Rus ordusu yalnız 1827-ci ilin 26 iyununda Naxçıvanı, 20 sentyabrında Sərdarabadı, 1 oktyabrında isə İrəvan qalasını tuta bildilər. İrəvan qalasının tutulması zamanı başda Eçmiadzin arxiyepiskopu Nerses olmaqla, ermənilər satqınlıqla məşğul olmuşdular.

İrəvan işğal olunan zaman ətraf kəndlərdə yaşayanlar oranı məcburi şəkildə tərk etmişlər. Bu fakt qraf Paskeviçin 27 iyul 1827-ci ildə qraf Nesselroda göndərdiyi məktubunda da öz əksini tapmışdır: "Qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, tanınmış Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman kürdləri-səlallılar Muşa köçmüşlər. Qarapapaqlılardan digər 800 ailə Arazı keçərək İrəvan xanı Hüseyn xanın qardaşı Həsən xanın dəstəsinə qoşulmuşlar. 700 ailə kürd-camədənlilər, 400 ailə birukinlilər, 400 ailə dovşanlılar, 200 ailə çobankerinlilər, 1000 ailə zilani-kürdləri də onlarla birlikdə Türkiyəyə keçmişlər" (Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 21).

"Türkmənçay" (10 fevral 1828) müqaviləsindən sonra isə 21 mart 1828-ci ildə imperator I Nikolayın fərmanı ilə əzəli Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradıldı ki, onun da 9 700 əhalisinin 7331-i azəri türkləri idi.

"Türkmənçay" müqaviləsinin XV bəndinə uyğun olaraq 1828-1830-cu illər ərzində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 600 erməni köçürüldü. Hərbi müdaxilə zamanı yüzlərlə kənd boşaldıldı və minlərlə insan qətl edildi. Bütün bu soyqırım siyasətinə baxmayaraq, Rus imperiyasının apardığı siyahıyaalmaya əsasən 1897-ci ildə İrəvan quberniyasında 313 178 azəri türkü yaşayırdı.

Tanınmış erməni alimi B.İşxanyan Cənubi Qafqaz ərazisində tarixən erməni dövlətinin olmadığını etiraf etmişdir: "Ermənilər Qafqazın müxtəlif bölgələrinə sonuncu əsrlər ərzində məskunlaşmışlar" ("Narodnosti Kavkaza". Petroqrad, 1916 qod, ctr. 18). Hətta tanınmış paranoik, türklərə qarşı sağalmaz ksenofobiya xəstəliyinə tutulmuş Z.Balayan özünün "Ocaq" əsərində yazır:"Əgər "Türkmənçay müqaviləsi", əgər Qriboyedov və Abovyan, əgər rus əsgərləri olmasaydı, onda bu gün yüzlərlə kəndlərə vəşəhərlərə çevrilmiş erməni ocaqları olmazdı" (səh. 120). Erməni yazıçısı Qrant Matevosyan yazır: "Ermənistan vətəndaşı üçün ən böyük itgi-imperiya adamı statusunu itirməkdir. Sözün yaxşı mənasında daşıyıcısı həmişə Rusiya olmuş imperiya müdafiəsini itirmək deməkdir" ("Azatamart", 1992, № 14, s. 5).

Erməni tarixçilərinin bəzi əsərlərində tarixi hadisələr, faktlar "Böyük Ermənistan" ideyası naminə bir tərəfli qaydada təhrif olunur. Guya "Böyük Ermənistan" adlı mif yüz illər boyu Xəzər dənizindən Qara dənizədək olan sahəni əhatə edirmiş. Ermənilərə görə "Ermənistan dövləti" e.ə II-I əsrlərdə mövcud imiş.... Hansı ki, Alban tarixçisi M. Kalankatlının "Alban tarixi" əsərində heç yerdə erməni adı çəkilmədiyi halda, ənənəvi olaraq erməni tarixçiləri coğrafi adları özlərinə məxsus bir tərzdə təhrif edərək, Aralıq, Qara və Xəzər dənizləri asında yerləşən ərazini Ermənistan, orada yaşayan əhalini isə ermənilər adlandırırlar. Əgər Albaniya Ermənistanın tərkib hissəsi olsaydı, onda bütün qədim erməni mənbələrində bu ölkənin adı "Ağvan" yox, "Hayastan" olardı...

Moisey Xorenatsi, Ovanes Drasxanakerti, Arakel Davrijetsi və Volter (Fransua-Mari Arug)qeyd etmişlər ki, hayların tarixi vətənin qədim Babilstanın ərazisindədir. Bəzi alimlər isə onların vətəninin Frakiya ərazisində olduğunu bildirirlər. Bir qrup alim isə hayların antropoloji və etnomədəni xüsusiyyətlərinə görə Hindistan qaraçılarından törədiklərini təsdiq edirlər. B.İşxanyan yazır: "Həqiqətən tarixi cəhətdən hayların "Böyük Ermənistanı" Qafqazda deyil, Kiçik Asiya ərazisində yerləşir"("Narodnosti kavkaza". Petroqrad, 1916 qod, ctr. 19).

Oxucularımızın diqqətinə Qafqaz Hərbi Dairəsi Qərargahının hərbi-tarix şöbəsinin 1799-1878-ci illər ərzində apardığı tədqiqatlar nəticəsində, 1899-cu ildə tərtib olunmuş və Tiflis şəhərində çap olunmuş hərbi-topoqrafik xəritəni təqdim edirik. 114 il bundan öncə dərc olunmuş xəritədə Ermənistan adına rast gəlmirik. Bu bir daha təsdiq edir ki, haylar Qafqaza gəlmədirlər və onların yaşadığı indiki Ermənistan 1918-ci ildə İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərini zəbt etmiş Rusiya imperiyasının təkidilə yaradılmışdır.
image description image description image description