Serbiya prezidenti Azərbaycanda - Yenilənib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdilər.

***
11:54

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

AzNews.az

image description