Əli Əliyev Baş nazirə etiraz etdi

Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Mərkəzi Aparatının növbəti iclası keçirilib.

Partiyanin mətbuat xidmətindən AzNews.az-a daxil olan xəbərə görə, iclasda ölkədəki ümumi vəziyyət, partiyanın müvafiq strukturlarının qəbul edilən Təqvim Planına uyğun fəaliyyəti və cari məsələlər müzakirə edilib.

Birinci məsələnin müzakirəsi zamanı əsas diqqət baş nazir Artur Rasizadənin Milli Məslisdə təqdim etdiyi hesabata yönəlib. Çıxış edənlər hökumətin fəaliyyətində pozitiv elementlər tapmağın mümkün omadığını vurğulayaraq, A. Rasizadənin "hesabat"ını texniki xarakterli məlumat, eyni zamanda, mövcud gerçəkliyə əsla uyğun gəlməyən şablon çıxış kimi dəyərləndiriblər. Mərkəzin Aparatın üzvləri bu tip "hesabat şouları" hazırlamaq əvəzinə, bütün siyasi qüvvələrin iştirakı ilə hökumətin fəaliyyətinin real müzakirəsinin təşkil olunmasını daha məqsədəuyğun sayıblar.

Daha sonra partiyanın mövcud strukturlarının rəhbərləri ötən ilin sonlarında qəbul edilən Təqvim Planı əsasında tənzimlənən fəaliyyət haqqında geniş məlumat veriblər. Bu məsələnin müzakirəsi zamanı həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyi qeyd olunub, müəyyən təkliflər irəli sürülüb.

Cari məsələlərin müzakirəsi zamanı VİP Mərkəzi Aparatı adından Azərbaycan xalqının Novruz Bayramı təbrik edilib. Eyni zamanda, Mərkəzi Aparat üzvləri Novruz Bayramının əsas mahiyyətinin barışıq olduğunu önə çəkərək, hakimiyyəti cəmiyyətdə siyasi məhbus olaraq qəbul edilən şəxslərin bu bayram münasibəti ilə azadlığa buraxılaraq ailələrinə qovuşmalarını təmin etməyə çağırıblar.

İclasın sonunda müzakirə olunan məsələlər haqqında uyğun qərarlar qəbul edilib.