Müxalifət artıq 5 min manat toplayıb

Dünən Müsavat Partiyasının qərargahında Demokratiyaya Yardım Fondunun təşkilatçılığı ilə xeyriyyə marafonu keçirilib.

Marafonun nəticəsi barədə onun təşkilatçılarından biri olan AXP sədri Pənah Hüseyn "Qafqazinfo" ya açıqlama verib. Onun sözlərinə görə, aksiya İP və ona daxil olmayan digər qurumların da birgə keçirtdiyi tədbir idi: "Toplanmış məbləğ çox olmasa da, hər halda az da deyil. 3 saat davam edən aksiyada 5000 manatdan çox ianə toplanılıb. İştirakçılar həmin təbirdə iştirak edərək gənclərə mənəvi dəstək nümayiş etdirdilər".

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının sözlərinə görə, dünən ölkənin ictimai siyasi sektorununn öndə gələn nümayəndələri həmin tədbirdə iştirak etdilər: "Xeyli sayda məbləğ yığıldı. Həmin məbləğin miqdarı isə Demokratiyaya Yardım Fondunun səhifəsində yerləşdiriləcək. Artıq toplanan məbləğdən cərimələrin ödənilməsinə başlanılıb. Cərimələnənlərdən hissə-hissə ödənilənləri də var. Müsavat Partiyasından Nərgiz Yaqublunun, Nicat Əmiraslanovun cərimələri ödənilib. Məndə olan məlumata görə, AXCP-də də cərimələrin ödənilməsinə başlanılıb".

Tural Abbaslı bildirib ki, cərimələri ödədikdən sonra çekləri də götürülüb ki, şəffaflıq təmin olunsun: "Bu fondu ictimai bir birlik kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə hazırlaşırıq, ona görə ki, hakimiyyətin gələcəkdə fonda mane törətməsini istəmirik".

Qeyd edək ki, Demokratiyaya Yardım Fondu 6 mart tarixindən 17 mart 2013 tarixinə qədər 3669.67 AZN məbləğində ianə qəbul edib.

AzNews.az