Nə qədər qəribə olsa da, “məxməri erməni inqilabı”nın geosiyasi oriyentasiyası hələ də müzakirə predmeti kimi qalmaqdadır. Əvvəlcə düşünülürdü ki, ilk təyinatlardan sonra Paşinyanın “kartlar”ı açılacaq və inqilab zamanı bu adamın ətrafında olan, amma kölgədə qalmağa üstünlük verməyə çalışan insanlar bilinəcəkdir. Nə qədər qəribə olsa da, “məxməri erməni inqilabı”nın geosiyasi oriyentasiyası hələ də müzakirə predmeti kimi qalmaqdadır. Əvvəlcə düşünülürdü ki, ilk təyinatlardan sonra Paşinyanın “kartlar”ı açılacaq və inqilab zamanı bu adamın ətrafında olan, amma kölgədə qalmağa üstünlük verməyə çalışan insanlar bilinəcəkdir.

Paşinyan "kartları" nə vaxt açacaq?

Nə qədər qəribə olsa da, “məxməri erməni inqilabı”nın geosiyasi oriyentasiyası hələ də müzakirə predmeti kimi qalmaqdadır. Əvvəlcə düşünülürdü ki, ilk təyinatlardan sonra Paşinyanın “kartlar”ı açılacaq və inqilab zamanı bu adamın ətrafında olan, amma kölgədə qalmağa üstünlük verməyə çalışan insanlar bilinəcəkdir.

Amma belə olmadı və inqilabı templərdən bir qədər ləng sürətlə olsa da, kartlar dəyişir, buna baxmayaraq, “kölgə qüvvələr” aşkarlanmır ki, aşkarlanmır...

Mücərrəd şəkildə götürdükdə inqilabın təfərrüatları daha çox politoloqlar və tarixçilərə maraqlı olmalıdır. Amma burada incə bir detal var: inqilabın geosiyasi oriyentasiyası həm də Ermənistanın gələcək əməkdaşlıq vektorlarını, bir dövlət olaraq hara üz tutacağını təyin edəcək və onda bilinəcəkdir ki, bu ölkə ilə necə siyasət qurmaq lazımdır...

Hələlik Paşinyan özünü elə göstərir ki, guya onun özü və ölkəsi üçün xarici siyasətdə heç nə dəyişməmişdir, ölkə Rusiya ilə əməkdaşlıq və ya tərəfdaşlıq öhdəliklərinə sadiq qalır, öz siyasətində ona xüsusi bir önəm verir.

Ruslar da buna inanmaq istəyirlər. Amma duyulanı budur ki, birmənalı şəkildə inana da bilmirlər – bir az tərəddüd edir, bir az da Paşinyanı Qərbin adamı və “satqın rusofob” kimi yamanlayır, xüsusən də yeni baş nazirin ilk təyinatlarından qətiyyən razı qalmaqdıqlarına işarə edirlər.

Elə mücərrəd mənada da Paşinyanın kimin adamı olması heç az maraq kəsb etmir. Aydın məsələdir ki, inqilablar elə-belə, boş – boşuna olmur: bunun daxili faktorları kimi xarici faktorları da var. Düzdür, bu cür yanaşma bəzən konspirologiyanı sevməyənləri çox qeyzləndirir, amma düşünürük onlar da razılaşar ki, inqilabın təşkilati və maliyyə problemləri, informasiya və beynəlxalq dəstəyi kimi məsələləri də olur və bunlar boş yerdən yaranmır.

Məsələn, hazırda çoxu N.Paşinyanı da digər “rəngli inqilab”ların liderləri kimi milyarder C.Sorosla bağlayır. Düşünmürük ki, bu cür fərziyyələri tamamilə bir tərəfə tullamaq lazımdır. Sorosun indiyədək post - sosialist və post - sovet ölkələrindəki fəaliyyəti hamıya çox yaxşı bəllidir.

Gürcüstandakı, Ukraynadakı inqilablar, bəli, “rəngli inqilab”lar serialı onun adı ilə bağlanır. Üstəlik, onu da qeyd etmək lazım gəlir ki, Soros özü bu fərziyyələri heç vaxt birmənalı şəkildə rədd etmir, həm də belə bir misal var ki, od olmasa, tüstü də çıxmaz...

Ona görə də heç də istisna deyil ki, Sorosun bir izi də Ermənistana aparıb çıxarır. Hər halda, yalnız və yalnız hər şeydə Kremlin izini görən azsaylı konspiroloqları çıxsaq, böyük əksəriyyət “məxməri erməni inqilabı”nı Moskva ilə bağlamır. Hadisələrin gedişi göstərdi ki, Kremlin özü üçün sürpriz oldu bu məsələ...

Təbii, heç nə əbədi sirr olaraq qalmır, ondan qala ki, real və gündəlik siyasət ola. Bizə elə gəlir ki, Paşinyan Rusiya ilə bağlı S.Sarkisyanın və ondan da əvvəl R.Koçaryanın siyasətini davam etdirməyə çalışacaq, gəl, o, Qərblə münasibətlərdə Sarkisyandan da, Koçaryandan da daha çox iş görməyə, onlardan qat-qat artıq qərbçi olmağa can atacaq.

Amma iki zidd tendensiyanı balanslaşdıra biləcəkdirmi? Bax, məsələ də elə bundadır.

Artıq hiss olunur ki, Qərbin də ondan müəyyən gözlənti və umacaqları var, əks təqdirdə, məsələn, D.Tramp Dağlıq Qarabağ problemilə bağlı bu qədər optimist notlarda danışmazdı.

Bəs bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Hələlik N.Paşinyan Qarabağ problemində də əvvəlki hakimiyyətlərin ritorikasını saxlamağa, bu konteksdə sərt bəyanatlar verməyə çalışır, oğlunu xidmət etmək üçün Dağlıq Qarabağa göndərir və s. və i.

Amma misal var, deyir ki, qaradan tünd rəng olmur. Paşinyan nə qədər çalışsa da, Rusiyaya Sarkisyandan və Koçaryandan yaxın ola bilməyəcək və bunu bütövlükdə Ermənistanın özü ilə də bağlı demək olar. Üstəlik də Qərb “siyasi landşaftı” bizim üçün bütün hallarda Rusiya müstəvisindən daha məqbul görünür.

Sözsüz, Qərbin də Dağlıq Qarabağla bağlı mövqeyi bizi axıradək qane etmir. Amma bütün hallarda bu, Rusiyanın mövqeyi deyil. Ən azı problemi konservasiya edərək onu özü üçün təzyiq rıçaqına çevirən və onu iki vuruşan tərəf arasında şirnikləndirici kökəyə döndərən Kremldən fərqli olaraq, düşünürük ki, Qərb problemin həllində maraqlıdır. Həm də ABŞ və Fransa hələki Rusiyadan fərqli olaraq Ermənistanı özünün bölgə üzrə “forpost”una çevirmək niyyətində deyil.

Təbii ki, bu bölgədə də, əgər belə demək mümkünsə, daha bir İsrailin olması ABŞ-a mane olmazdı. Amma o da var ki, bura Ərəbistan deyil və Ermənistanın belə iddiaya düşməsi onun üçün çox qəliz sonluqla bitərdi.

İndi hamı bir növ gözləmə vəziyyətindədir. Aydındır ki, çox da uzaq olmayan gələcəkdə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü də olacaq. Elə bu günlərdə Ermənistanın xarici işlər naziri bildirdi ki, onlar vəziyyəti öyrənməklə məşğuldurlar və tərəflər arasında görüş məsələsi hətta ayların deyil, həftələrin söhbətidir.

Nə demək olar? Azərbaycanın soyuq savaş resursları çox böyükdür, amma bunu Ermənistan haqqında demək mümkünmü? Əlbəttə ki, yox.

Bu baxımdan yanaşanda, ya Paşinyan artıq son aqibətini gözünün qarşısına almalı, ya da ölkəsinin regional siyasətini kardinal bir şəkildə dəyişməlidir.

Başqa bir yol yoxdur. Bunu Ermənistan əhli nə qədər tez anlasa, bir o qədər böhrandan qurtulmaq şansları artacaq. Əks təqdirdə isə, ya bütün inqilablar kimi “Paşinyan erası” da restavrasiya ilə bitəcək, ya da Ermənistanda növbəti inqilab olacaq; özü də bu dəfə rəngsiz – filansız, necə deyər, əməlli-başlı inqilab...

Hüseynbala Səlimov
AzNws.az