Kreml nədən narahatdır?

Rusiyalı politoloqların Cənubi Qafqaz, xüsusən də Ermənistan mövzusundakı intensiv çıxışlarını siyasi nəzəriyyəçilərin özəl təşəbbüsü kimi də dəyərləndirmək olardı. Məsələn, diqqətli oxucu özü də belə bir detalı önə çəkə bilər ki, nədənsə Kremlə xüsusi yaxınlığı ilə seçilən digər politoloqlar, lap elə həmişə fəal A.Duqin susur, qeyd edilən son hadisələr haqqında hər hansı şərh vermir.

Amma fəallıq edən başqa politoloqların da fikirlərini nəzərə almamaq üçün ciddi əsaslarımız yoxdur. Bütün hallarda bu adamlar da savadlı və regionu yaxşı bilən, həm də müəyyən əlaqələrə, çox ciddi informasiya qaynaqlarına girişi olan şəxslərdir.

Xüsusilə diqqət çəkən odur ki, bu insanlar artıq indidən Ermənistanın Rusiyanın çətiri altından çıxacağından, erməni inqilabının arxasında Qərbin siyasi və hətta maliyyə dayaqlarının dayandığından dəm vururlar. Hətta ona işarə edirlər ki, Bakı Qarabağda hərbi əməliyyatlara başlayarsa, Kreml buna nəinki mane olmayacaq, hətta dəstək də verəcəkdir.

Əlbəttə, belə problemlər müstəqil politoloqların politoloji reseptləri əsasında həll olunmur. Amma biz özümüz də dəfələrlə yazmışıq ki, elə bir vaxt gələcək ki, Kreml ilə İrəvan arasında ciddi “çat” yaranacaqdır. Düzdür, həmin məqamın artıq yetişdiyini iddia etmirik, lakin Kremlin narahat durumunu da nəzərə almaya bilmərik.

Bəli, hiss olunur ki, “atlantik küləklər” Qafqaz dağlarını aşaraq Cənubi Qafqaza da yetişməkdədir. Gürcüstan bəlli məsələdir.

Rusiyanın B.Əsədi Abxaziyanın və Cənubi Osetiyanın “müstəqilliyini” tanımağa vadar etməsi ona dəlalət edir ki, Kremldə Tiflisin əldən çıxması ilə tamamilə barışıblar. Həqiqətən də gürcü siyasi palitrasında ən çox rusofil bir siyasi qüvvə kimi tanınan “Gürcü arzusu” hökumətinin başçısı G.Kvirikaşvili ölkəsinin NATO-ya üzv olacağı tarixi deməkdən belə çəkinmirsə, Kremlin başqa yolu qalırmı?

Eyni durum Ukraynada da hökm sürür. Moskva Kiyevə verilən son “aspirant dövlət” statusuna nə qədər lağ etsə də P.Poroşenkonun da ən sevimli və aktiv şəkildə hallandırdığı mövzu NATO-dur. Bu mövzu həm də ona görə aktualdır ki, iyul ayında NATO-nun növbəti sammiti baş tutacaq. Düzdür, bu sammitin Gürcüstan, Ukrayna və Moldova üçün nə ilə əlamətdar olacağı hələ bəlli deyildir. Amma bu üç ölkənin, həm də bizim GUAM üzrə tərəfdaşlarımızın əzminə qibtə etməmək olmur. Bu günlərdə belə xəbər yayıldı ki, deyilən üçlük NATO-ya qəbul olunmaq istəyən ölkələrin parlament ittifaqını yaratmağı düşünürlər.

Bu konteksdə, bir daha deyirik ki, Ermənistandakı proseslərin açılımı xüsusi maraq kəsb edir. Maraqlısı budur ki, rusiyalı politoloqlar bunun kodunu artıq açmış kimi görünür və israr edirlər ki, Paşinyan birmənalı şəkildə Qərbin adamıdır.

Paşinyan da Azərbaycan konteksində hələ ki, sələflərinin ritorikasını davam etdirsə də, Gürcüstanla münasibətlərdə, ölkəsində apardığı kadr dəyişiklərində düşünmək üçün xeyli əsaslar verir. Bir tərəfdən Nikol müəllimin Gürcüstana maraq göstərməsi başadüşüləndir: ermənilər bu ölkənin də Azərabaycanın apardığı izolyasiya siyasətinə dəstək verəcəyi halda tamam çökərlər, həm də haylar Gürcüstandan Rusiyaya keçən əsas dəhlizi bir az da genişləndirmək istəyirlər.

Amma maraqlısı budur ki, erməni baş nazir Gürcüstanda təkcə ilk respublikaların yüz illiyilə bağlı tədbirlərə qatılmadı, həm də Cavaxetiya bölgəsinə səfər edərək Gürcüstanın ərazi bütövlüyünə dəstək ifadə etdi ki, bunun özü də yeni bir detaldır. Elə Gürcüstan hökuməti də bu yöndə ilk təşəbbüsə imza atdı – Paşinyan nəinki Cavaxetiyaya buraxıldı, hətta gürcü xarici işlər naziri özü onu müşayiət etdi.

Amma əlbəttə ki, bizi proseslərin Qarabağ müstəvisinə proyeksiyası daha çox düşündürür. Bu səmtdə isə hələ ki, orijinal və yeni bir detal və ya çalar görünmür. Fəqət Paşinyan, həqiqətən də deyildiyi kimi Qərbin adamıdırsa, o halda bu detallar mütləq olmalıdır.

Vaxtilə və ya daha dəqiq desək, İkinci Dünya müharibəsindən sonra Almaniya lideri K.Adenauer ölkəsində təkcə siyasi və iqtisadi islahatlar aparmırdı, həm də almanların faşist təbliğatı nəticəsində korlanmış düşüncələrini, psixologiyalarını “müalicə” etməyə çalışırdı. Məsələn, bu adamın ölkənin müxtəlif bölgələrində yaşayan almanların psixoloji cizgi və portretlərini yaratmaqla bağlı çox maraqlı qeydləri vardı. Bu qeydlər ona görə qiymətli idi ki, faşist təbliğatı nəticəsində özlərini yeganə ali irq sayan almanlara təlqin edilirdi ki, belə deyil, almanlar da digər xalqlar kimidir, digər xalqlarda olan xüsusiyyətlər onlarda da var.

Kriminal Qarabağ siyasi klanı da son vaxtlarda aşkar şəkildə gəlib, nə az, nə də çox – faşist təbliğatına çıxmışdı. Faşist Q.Njdeyə abidə ucaldılmasını heç unutmaq olarmı? Elə bu səbəbdən də Paşinyan deyildiyi kimi qərbçi və demokratdırsa, ilk növbədə buna diqqət yetirməlidir; çünki onun xalqının həqiqətən də müalicəyə ehtiyacı var...

Hüseynbala Səlimov
AzNews.az