“Türkiyə 24 iyun seçkiləri ilə mühüm bir mərhələyə qədəm qoydu” - Hikmət Babaoğlu

Türkiyə 24 iyun seçkiləri ilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək: "Mən bu seçkini önümüzdəki yüz illik kontekstində təsadüfən qiymətləndirmirəm. Hazırda beynəlxalq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşamaqdayıq və Türkiyənin yerləşdiyi geostrateji bölgə də daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir. Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar".

H.Babaoğlu qeyd edib ki, belə kiritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi: "Ya Türkiyə xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. "Cümhur İttifaqı"nın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir. Qələbənin təmin olunmasında isə heç şübhəsiz ki, təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacaran, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının da əvvəldən prinsipial mövqe ortaya qoyması, əslində bu ittifaqın gələcəyini və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi".

Onun sözlərinə görə, başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və prezident üsulu ilə idarə ediləcək: "Həm tarixi reallığı, həm də bugünkü siyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, bu mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi həm milli mentalitet, həm də siyasi məqsədlərə çatmaq baxımından ən doğru olanıdır. Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən və olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi.

Seçkilərdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin perspektivlərinə gəldikdə isə H.Babaoğlu bildirib ki, bu perspektivlər həmişə yüsək səviyyədə olub və bundan sonra daha da yüksələn xəttlə inkişaf edəcək: "Həm iki ölkə xalqının siyasi sifarişi, həm də qardaş ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, daima xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb".

Millət vəkilinin fikrincə, Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra Türkiyə daha da güclənəcək. Deməli, həm də Azərbaycan güclənəcək".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

AzNews.az