Həmsədrlər Belarusun XİN rəhbəri ilə Qarabağ münaqişəsini müzakirə etdilər

ATƏT Minsk qrupunun həmsədrləri və Belarusun xarici işlər naziri Vladimir Makey Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Trend bu barədə Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Belarus XİN rəhbəri ilə iyunun 27-də görüşüb:

“Həmsədrlər və Kaspşik naziri münaqişə zonasındakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar barədə məlumatlandırıb. Görüş zamanı həmçinin, ATƏT Minsk qrupunun fəaliyyəti ilə bağlı aktual məsələlər, Belarusun münaqişənin həlli prosesinə mümkün töhfəsi də müzakirə olunub”.

AzNews.az