“Ermənistan ordusu” mifi nə vaxtsa olubmu?

İki il bundan əvvəl baş tutmuş uğurlu Aprel döyüşlərindən sonra bu il Naxçıvanda da ilk hərbi qələbənin əldə olunması heç sözsüz ki, artıq tendensiyadan xəbər verir. Azərbaycan ordusu özü haqqdında indiyədək quraşdırılımış neqativ mifi – arxasında Rusiya dayanan və Kreml təmsilçilərinin açıq-aşkar “bizim forpost” adlandırdığı Ermənistana Azərbaycanın heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağı haqda deyilənləri ikinci dəfə alt-üst etdi və bir daha göstərdi ki, regionun siyasi, iqtisadi və demoqrafik lideri kimdirsə, onun hərbi lideri də odur.

Diqqət etdinizsə, biz yazmadıq ki, Ermənistan ordusu haqqındakı mif dağıldı. Yox, yazdıq ki, Azərbaycan öz xalqı və ordusu haqqında illərlə quraşdırılan neqativ və aşağılayıcı əfsanələri alt-üst etdi.

Ona görə belə yazdıq ki, heç vaxt “Ermənistan ordusu” mifi olmayıb. Özümüz də dəfələrlə qeyd etmişik ki, Ermənistanın “gücü” (əgər belə demək mümkünsə) onun Rusiya ilə geosiyasi ittifaqındadır. Yetər ki, həmin ittifaq azacıq “çat” versin, ertəsi gün Azərbaycan ordusu öz gücünə Xankəndidə və Şuşada olacaq...

Bəli, bizim dövlət və hökumət təmsilçilərimiz diplomatik şəkildə, bir az başqa cür – “Ermənistan ordusu haqqındakı mifi dağıtdıq” deyə bilərlər. Çünki onlar durub açıq şəkildə deyə bilməzlər ki, Rusiyanın forpostunun “ordusu” haqdakı mifi dağıtdıq. Ancaq biz siyasətçi deyilik və adi jurnalistlər və yaxud da siyasi təhlilçilərik, ona görə də hər şeyi olduğu kimi demək imkanımız var və deməliyik də...

Məgər Ermənistan “ordusu” haqqında ən dolğun təsəvvürü bu gün həmin ölkədə korrupsiya ilə bağlı aparılan araşdırmalar vermirmi? Bir “ordu”da əsgər yeməyə çörək tapmaya, onun döyüş əzmindən danışmaq olarmı? Bir ordunun generalı əsgərlər üçün nəzərdə tutulan yeməyi öz heyvanlarına yedizdirirsə, belə orduda yüksək mənəvi-psixoloji durum haqqında danışmaq olarmı?
Ermənistan özü nədir ki, onun ordusu da nəsə olsun? Bunlar nə vaxt dövlət, ordu görüblər ki, durub indi buna iddia etsinlər? Sadəcə, uzun müddət Rusiyanın təbliğat maşını məqsədyünlü şəkildə təxribat yaymaqla məşğul idi: Ermənistan bir tərəfə, ruslar hərbi icmallarda və hesabatlarda belə fikir aşılayırdılar ki, guya, qondarma “dqr”in “ordu”su regionun ən güclü ordusudur! Məgər gülməli deyilmi? Axı vur-tut beş-on min nəfərdən ibarət olan bu ac və ələbaxım bölgənin hansı ordusundan danışmaq olar?

Sadəcə, rusların marağı vardı: təsəvvür yaratmaq istəyirdilər ki, guya burada onlarlıq bir iş yoxdur, vuruşan erməni ordusudur, Kremlsə gecə - gündüz çalışır ki, savaşanları birtəhər barışdırsın...
Lakin biz özümüz ki həqiqəti bilirik.

Bir daha deyirik, bizim üçün yetər ki, Rusiya sadəcə, neytral qalsın, ordumuz bircə həftənin içində bütün Qarabağı işğalçılardan təmizləmək gücündədir.

Düşünürük ki, ermənilər də bunu anlayırlar. Bəlkə də bunun nəticəsidir ki, Paşinyan hər gün bir bəyanat verir, özü də bir saat bundan əvvəl dediyini artıq xatırlamır.

Bu son günlərdə də dedi ki, guya Azərbaycan ordusunun Naxçıvanda kəndi qaytarması haqda xəbərlər yalandır, orada da vəziyyətə guya Ermənistan ordusu nəzarət edir. Bunun ağ yalan olması bir yana, soruşan lazımdır ki, Qarabağ hara, Naxçıvan hara? Ermənistan ordusunun Naxçıvanda nə işi var? Gah deyir ki, Qarabağda Ermənistan ordusu “yox”dur, gah da doğmaca oğlunu xidmət keçməkçün Qarabağa göndərir – gəl, indi bundan baş aç, görüm, necə açırsan...

Amma ehtiyac yoxdur, indi ermənilərin tapmaca tapmaq vaxtıdır. Bizsə öz işimizlə məşğul olmalıyıq. İnşallah, bir-iki həmlədən sonra görəcəyik ki, artıq Dağlıq Qarabağın tam içərilərinə nəzarət edirik.

Bax, onda əsl çaxnaşma başlayacaq, özləri qaçıb gələcəklər ki, bəs danışmaq istəyirik və o zaman həqiqətən də substantiv danışıqlar üçün şərait yaranacaq. Çünki təcavüzkara güc göstərməsən, o, özü heç halda güzəştə getməz. Əksinə, prosesi uzatmağa çalışar. Ona görə ki, zaman mala kimidir, kələ-kötürləri hamarlayır. Ermənistanda da bu vaxtadək buna ümid edirdilər.

İndi iki odun arasında qalıblar. Bir tərəfdən başa düşürlər ki, Kremlin ətəyini buraxsalar Qarabağ gedəcək – Azərbaycan əsgəri onu ikicə günə qaytaracaq. Digər tərəfdənsə, iqtisadi reallıqlar bunlara güc gəlir, yaşaya bilmir, çörək istəyirlər. Bu səbəbdən də bizim optimist olmağımız üçün çox əsas var: maraqlı hadisələr hələ bundan sonra olacaq...

Hüseynbala Səlimov
AzNews.az