Yaxud sabiq deputat Gültəkin Hacıbəylinin kürü macərası Yaxud sabiq deputat Gültəkin Hacıbəylinin kürü macərası

Özü-özünü inkar edən Gültəkin

Yaxud sabiq deputat Gültəkin Hacıbəylinin kürü macərası

Lobbi (lobby) ingilis dilindən tərcümədə gözləmə salonu adlanır. Bu ifadənin zamanla öz mənasını dəyişməsi nəticəsində "lobbiçilik” sözü formalaşıb. Ehtimal olunur ki, bu sözün işlədilməsinin tarixi ABŞ-ın 1869-1877-ci illərdə 18-ci prezidenti olmuş Ulysses S.Granta aiddir. General Grant Villard hotelinin lobbisində siqar çəkməyi sevərdi. Mövcud şəraitdən istifadə edən siyasi alverçilər müəyyən məsələləri həll etmək üçün onunla danışıqlara girib müvafiq qərarın qəbul olunmasına çalışırdılar. Beləliklə, bu işlə məşğul olan siyasi alverçilərə "lobbiçi”, sözügedən fəaliyyətə "lobbiçilik” adı verilib. ABŞ-da "lobbiçilik” qanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə federal lobbi qanunu qəbul edilib. Həmin qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun maliyyə imkanları nəzarət altına alınırdı. Qanunda deyilirdi ki, Amerika Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına çalışan, bunun üçün birbaşa və ya dolayı yolla pul və digər qiymətli əşyalar toplayan və ya əsl məqsədi bu olan şəxslər lobbiçi adlandırılır. Müasir dünyamızda, xüsusən də Qərb ölkələrində lobbiçilik qrup və ya şirkətin öz mənafelərinə uyğun olaraq qanunvericilik prosesinə təsir etmək təşəbbüsü kimi qəbul edilir. Ona görə də lobbiçilik 1990-cı illərə qədər neqativ anlamda da işlənilən termin olub. Hətta lobbiçiliklə məşğul olan insanlar cəmiyyət tərəfindən xoş qarşılanmayıb. 1990-cı ildən etibarən ilk öncə ABŞ və Avropa İttifaqında, o cümlədən Belçikada lobbiçiliyi tənzimləyən qanunlar qəbul olunub. Beləliklə də XX əsrin ortalarından mövcud olan sözügedən qanunlar daha sistemli və nizamlı hala salınıb.
Hazırda lobbiçilik yəhudi, yunan və erməni diasporlarının dünyada aktiv məşğul olduqları fəaliyyət növüdür. Azərbaycan da müstəqil dövlət olaraq, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə öz milli-dövlətçilik maraqlarının təmin edilməsi üçün lobbiçilik fəaliyyətindən yararlanır. Burada qeyri-qanuni, sensasiya sayılacaq hər hansı əməl yoxdur. Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra bu qurumda da lobbiçilik fəaliyyətindən yararlanıb. Bu zaman qarşıya qoyulan başlıca vəzifə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğalçı Ermənistanın və dünyadakı erməni lobbisinin ölkəmizə qarşı yönələn siyasi-diplomatik hücumlarına, kampaniyalarına tutarlı cavab verilməsi, Dağlıq Qarabağ probleminin ədalətli həlli, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması barədə məlumatların beynəlxalq aləmə çatdırılması olub. Yəni, Avropa Şurası və onunla əlaqəli qurumlarda təmsil olunan azərbaycanlı diplomatlar, millət vəkilləri və ya rəsmi şəxslər sırf Azərbaycanın milli maraqlarını təmin etmək üçün lobbiçilik fəaliyyətindən yararlanıblar. Təbii olaraq bu fəaliyyət uğurla alınıb və hazırda bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməkdədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində – Dağlıq Qarabağ və ətraf rayonlarda yaradılan qondarma qurumsa heç bir dünya dövləti tərəfindən tanınmır.
Azərbaycanın güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, diplomatiya sahəsində, lobbiçilik fəaliyyətində uğurlar əldə etməsi təbii olaraq düşmənlərimizi qıcıqlandırır. Ermənistan siyasi hakimiyyəti, dünyadakı erməni diasporu, onların lobbiçiliyini həyata keçirən təşkilatlar, ictimai-siyasi və rəsmi şəxslər dərin narahatçılıq keçirir. Buna görə bəzi Qərb dövlətlərində, bir sıra beynəlxalq qurumlarda müəyyən şəxslər tərəfindən zaman-zaman Azərbaycan əleyhinə müxtəlif qarayaxma kampaniyaları aparılır. Həmin kampaniyalar çərçivəsində Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən diplomatlarımız, deputatlarımız da hədəfə alınır, onların ünvanına qərəz xarakterli, heç bir reallığa, sübuta söykənməyən ittihamlar səsləndirilir. Acınacaqlı haldır ki, Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan bəzi "özümüzünkülər”, həmçinin ölkə daxilində fəaliyyət göstərən radikal müxalifət təmsilçiləri də bu kampaniyalarda yer alır, alət kimi istifadə olunurlar.
Misal üçün, Azərbaycanda keçirilən seçkilər ərəfəsi və sonrası ermənipərəst dairələrə bağlılığı şübhə doğurmayan media qurumları, sosial şəbəkədəki bəzi səhifələr ölkəmizi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən millət vəkillərinə, həmçinin sözügedən qurumda Azərbaycan reallıqlarını dilə gətirən əcnəbi deputatlara qarşı "mənəvi terror”a start veriblər. Xarici ölkələrdən idarə olunan bu media qurumlarında, sosial şəbəkədəki səhifələrdə Azərbaycanın guya balıq kürüsü müqabilində xarici diplomatları ələ aldığı, buna görə də əcnəbi deputatların ölkəmizin maraqlarını müdafiə etdiyi qeyd olunub. Həmin vaxt Azərbaycan kütləvi informasiya vasitələrində bu ittihamların əsassız olması barədə dəfələrlə yazılar dərc olunub. Amma AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, Azərbaycanı vaxtilə AŞPA-da təmsil edən sabiq deputat, hazırda radikal müxalifətdə yer alan Gültəkin Hacıbəyli xor kapellası kimi eyni "arqumentlər”i təkrarlamaqla, deputatlarımızın guya AŞPA-ya kürü daşıdığını öz çıxışlarında, "Facebook” statuslarında dönə-dönə vurğulayıblar. Özünü radikalların Janna Darkı obrazında görən, demokratiya libasına bürünən G.Hacıbəyli bu mövzuda daha kəskin ittihamlar səsləndirib, az qala hər kəsə korrupsioner, rüşvətxor, "kürü paylayan” damğası vurub.
Ancaq qeyd olunanların üstündən bir-iki ay keçəndən sonra, daha dəqiq desək, iyun ayında AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi G.Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyub. AŞPA üzvlərinin Korrupsiya İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub. Məruzədə qeyd olunub ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun Assambleyanın binalarına, tədbirlərinə girişi qadağa edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da oxşar sanksiya tətbiq olunub. Bu fakt özünü aydan arı, sudan duru hesab edən G.Hacıbəylinin heç də göründüyü kimi şəffaf olmadığını üzə çıxarıb. Hadisənin şokundan çıxmağa çalışan "demokrat” dərhal "MeydanTV” efirinə çıxaraq, aparıcının sanksiya barədə suallarını cavablandırıb, özünü təmizə çıxarmağa çalışıb.

"Eks deputat Gültəkin Hacıbəyli avropalı deputatlara niyə kürü aparıb?” başlığı ilə ictimaiyyətə təqdim olunan müsahibədə sabiq deputat özü-özünü "ilişdirib”. O, AŞPA nümayəndə heyətində olduğu zaman Azərbaycan nümayəndə heyətinin lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, bu fəaliyyətin qanuni lobbiçilik sərhədlərini aşmadığını dilə gətirib. Eyni zamanda vurğulayıb ki, qanuni lobbiçilik fəaliyyəti ilə əksər ölkələrin nümayəndələrini məşğul olur və bu, AŞPA tərəfindən də normal qəbul olunub. Bununla da G.Hacıbəyli özü-özünü inkar edib. Yalançının yaddaşı olmur el məsəlində deyildiyi kimi, radikal müxalifətin bu "görkəmli nümayəndəsi” son fikirləri ilə seçkilər öncəsi səsləndirdiyi əsassız ittihamları özü təkzib edib. Lobbiçiliyin faciəvi bir fəaliyyət növü olmadığını bəyan edib.

Bundan başqa, G.Hacıbəyli "MeydanTV”-yə müsahibəsində AŞPA-da Kristofer Ştrassenin siyasi məhbus məsələsi ilə bağlı davranışlarına, fəaliyyətinə, hazırlanan hesabata da toxunub və bildirib ki, 219 səhifəlik hesabatın kürü ilə bağlanması simvolik xarakter daşıyıb. Daha sonra avropalı deputat həmkarlarına hədiyyələr bağışlamağına toxunan G.Hacıbəyli bunu normal hadisə kimi təqdim edib, diplomatiyada bu cür hadisələrin normal qəbul olunduğunu dilə gətirib: "Azərbaycan Avropa Şurasına daxil olmasının bir illiyi münasibətilə AŞPA-ya dəyərli xalça hədiyyə etmişdir. Bu normal hadisədir və diplomatiyada bu cür hadisələr normal qəbul olunur. Mən nümayəndə heyətində çalışdığım müddətdə, bir-iki, uzağı üç dəfə AŞPA sessiyalarına gedəndə kürü aparmışam. Başqa ölkələrin nümayəndələri də bizə hədiyyələr edib, mənim Latviyadan olan dostlarım kəhrəba qaşlı üzük, yaxud Latviyanın rəmzi şərfini hədiyyə ediblər. Türkiyəli deputatla dəfələrlə yemək yemişik və o, mənim hesabımı ödəyib”.

G.Hacıbəyli Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunduğu vaxtlarda kürünün dəyərinin çox ucuz - 20-30 manat olmasına da diqqət çəkib. Ardınca deyib ki, həmin vaxt Avropada kürünün qiyməti 2000 dollar civarında olub. Müsahibənin aparıcısı Aytən Mürsəlova G.Hacıbəyliyə kürü ilə bağlı davamlı suallar versə də o, fərqli cavablar verməklə əsas mətləbdən yayınmağa, AŞPA sessiyasının hər birinə kürü apardığını boynuna almamağa çalışıb.

Müsahibədə səsləndirilən fikirlərdən də aydın olduğu kimi, radikal müxalifətdə yer alan G.Hacıbəyli son fikirləri ilə özünü dolaşdırıb. Məlum olub ki, bu xanımın iqtidarda təmsil olunan şəxslərin ünvanına vaxtilə səsləndirdiyi fikirlər əsassız olub. Sadəcə, seçicilərinin və təmsil olunduğu komandanın etimadını itirən, deputat mandatından məhrum olan G.Hacıbəyli hikkəsinin təsiri ilə ağzına gələni danışıb. Bir növ deputat seçilməməsinin qisasını bu yolla – Azərbaycan xalqı və dövləti, o cümlədən rəsmi şəxslərin ünvanına kin-nifrət dolu ittihamlar səsləndirməklə almağa çalışıb. Kəhrəba qaşlı üzüklər, simvolik şərflər, dəbdəbəli restoranlarda təqdim edilən yeməklər üçün qəribsəyən G.Hacıbəyli məqsədli şəkildə ermənipərəst dairələrin Azərbaycan əleyhinə apardıqları kampaniyanın bir hissəsinə çevrilib. Bütün bunlar isə onun əsl kimliyini tam çılpaqlığı ilə ortaya qoyub.

Rufik İSMAYILOV

AzNews.az