Azərbaycanın dəstəyi ilə Afrika mənşəli şəxslərin hüquqlarına dair tədbir - BMT-də (Fotolar)

İyulun 2-də BMT-nin İnsan Hüquqları Şurasının 38-ci sessiyası çərçivəsində Azərbaycan, Braziliya, Kosta-Rika, Peru və Haitinin Cenevrədəki BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Afrika mənşəli şəxslərin hüquqlarının təşviqi ilə bağlı BMT Bəyannaməsinə doğru” adlı tədbir keçirilib.

AzNews.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad Al-Huseynin açılış nitqi ilə başlayan tədbirdə BMT-nin irqi ayrı-seçkilik üzrə xüsusi məruzəçisi Tendayi Achiume, Afrika mənşəli şəxslərin hüquqları üzrə BMT İşçi Qrupunun sədri Michal Balcerzak və BMT-nin İrqi ayrı-seçkilik üzrə Komitəsinin sədr müavini Pastor Murillo panelist qismində çıxış edərək Afrika mənşəli və qaradərili şəxslərə qarşı dünyanın müxtəlif bölgələrində müşahidə olunan ayrıseçkilik hallarına dair təqdimatlar ediblər.

Çıxışçılar tərəfindən bu cür hallara qarşı mübarizənin ən səmərəli üsulu olaraq ölkə daxilində tolerantlığın təşviqi istiqamətində məqsədyönlü tədbirlərin görülməsi və bu istiqamətdə müsbət təcrübəsi olan dövlətlərin təcrübəsindən yararlanmaq tövsiyə olunub.

Tədbirin həmtəşkilatçısı qismində Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev çıxış edib.

O, Afrika mənşəli şəxslərə qarşı ayrıseçkiliyin aradan qaldırılmasının və həmin qrupa mənsub olan şəxslərin sosial inkişafının təmin edilməsinin ən mühüm yollarından biri kimi onlara ödənişsiz təhsil imkanlarının yaradılması olduğunu vurğulayıb.

Bu xüsusda, Azərbaycanın müsbət təcrübəsini xatırladan Y. Rəfiyev hazırda Afrikanın bir sıra ölkələrinin dövlət rəhbərlərinin və Cenevrədə akkreditə olunmuş səfirlərinin Azərbaycanda təhsil aldığını qeyd edib. Hazırda da bu təcrübənin Azərbaycan hökuməti və Heydər Əliyev Fondu hesabına davam etdirildiyi və Afrika ölkələrindən gələn tələbələrə xüsusi təhsil təqaüdlərinin ayrıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bir neçə gün bundan əvvəl Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) arasında Anlaşma Memorandumunun imzalandığı və həmin Memoranduma əsasən, 2018-2022-ci illərdə 15 nigeriyalı tələbənin BANM-də təhsil alacağı qeyd edilib. Y. Rəfiyev bu cür tədbirlər vasitəsilə Azərbaycanın BMT-nin 2030-cu ilə qədərki Dayanıqlı İnkişaf Gündəliyinin, xüsusilə ədalətli və bərabər təhsil imkanlarının yaradılmasını nəzərdə tutan 4 saylı Dayanıqlı İnkişaf Məqsədinin icrasına töhfə verdiyini vurğulayıb.

Tədbirdə BMT üzv dövlətlərinin, beynəlxalq təşkilatların və beynəlxalq QHT-lərin təmsilçiləri fəal iştirak ediblər.

image description image description image description image description image description