İlham Əliyev: “Terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir”

"Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir."

Bunu Prezident İlham Əliyev iyulun 13-də Azərbaycan Prezidenti yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur:

"Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır".

AzNews.az