"İrəvanı adi artilleriya silahı ilə çox rahat vurarıq" - Azərbaycanlı generaldan Ermənistana xəbərdarlıq

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev Ermənistan tərəfinin Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla Azərbaycanı hədələməsinə cavab verib.

M.Həmzəyev "Ölkə.Az"a açıqlamasında deyib ki, Ermənistanın bu cür hədələri ölkə daxilində yaranan gərginliyə hesablanıb:

"Ermənilər də çox yaxşı anlayır ki, Ermənistanın Mingəçevir SES-i vurmağa nə gücü, nə də cəsarəti çatmaz. Erməni generallar tez-tez bizi hədələyir ki, guya Mingəçeviri vuracaqlar və sairə. Sual edirəm, 2016-cı ilin aprel döyüşləri zamanı nə üçün Mingəçeviri, Talış yüksəkliyini və sairə yerləri vura bilmədiniz? Nə üçün bu yaxınlarda Naxıçıvanın işğal altında olan ərazilərini azad etdiyimiz zaman Mingəçeviri vurmadınız? Buradan bir daha aydın olur ki, erməni generallar nağıllarla yaşayır, öz aləmlərində Azıərbaycanı vura biləcəklərini düşünürlər".

Bununla yanaşı general qeyd edib ki, amma Azərbaycan ordusu paytaxt İrəvanı hər an vura bilər:

"Azərbaycanın elə mövqeyləri var ki, oradan İrəvana qədər olan məsafə cəmi 50 kilometrdir. Biz bu məsafədən İrəvanı adi artileriya silahları ilə də çox rahat vurarıq. Bu gün Azərbaycan ordusu ən müasir silahlara və hərbi texnikalara yiyələnib. Bizdə elə silahlar var ki, onunla Bakıdan Ermənistanın istənilən ərazisini vurmaq olar".