Paşinyan meydanlara niyə qayıdır?..

Desək ki, Ermənistanın baş naziri N.Paşinyanın avqustun 17-nə mitinq təyin etməsi bizim üçün gözlənilməz oldu, əlbəttə ki, düzgün olmaz, çünki həm obyektiv, həm də subyektiv səbəblərdən bu ölkədə mitinqlər dövrü hələ bitməyibdir.

Obyektiv səbəb budur ki, İrəvanda hələ də “hakimiyyət məsələsi” tamamilə həll olunmayıbdır və biz də bunu daim qeyd edirik. İnqilablar daim son məqsədə çatmaqda israrlı olurlar. Bu mənada “erməni inqilabı” da istisna deyil – proses mövcud siyasi arxitektura ayaq-baş olana qədər, “axırıncılarla birincilərin yeri dəyişənədək” davam edəcək.

O ki qaldı subyektiv səbəblərə, bunlar bir deyil. Bir tərəfdən, sentyabr ayında İrəvanda munisipial seçkilərin keçirilməsi (munisipalitet sonradan şəhərin merini seçəcək), digər tərəfdən, R.Koçaryanın həbs olunmasının indiyədək səbrini basan Kremli qeyzləndirməsi və nəhayət, yoldaş N.Paşinyanın hakimiyyətə meydanlardan gəlməsi, mitinqlərin və meydanların yenidən siyasətin əsas amillərinə çevrilməsini diqtə edir.

“Meydan onun şeiriyyətidir” – nisbətən loyal köklənən təhlilçilər inqilabçı baş naziri belə xarakterizə edirlər və xüsusilə vurğulayırlar ki, Paşinyan meydanlarda daha effektlidir, çünki yaxşı natiqdir, həm də ki, kabinetlərə alışmamış bir siyasətçidir.

Biz də bu qiymətləndirmələri bölüşürük. Əslində baş nazir kimi, Paşinyanın əlində indi çox imkan və səlahiyyət var. Məsələn, o, radio və televiziya ilə də cəmiyyətə müraciət edə bilər, geniş mətbuat konfransı keçirə və ən tirajlı qəzəetlərə və reytinqli telekanallara müsahibələr verə bilər. Amma o, meydana can atır...

Dərindən baxanda bütün meydan liderləri belə edir. Onlar meydanda özlərini daha rahat hiss edirlər, çünki buranın dirijoru onlar özləridirlər, kimsə çaşdırıcı sual vermir, prosesin istiqamətini dəyişməyə çalışmır və həm də effekt daha əyani olur – kükrəyən meydan liderə dəstəyin bilavasitə təsdiqinə çevrilir. Yetər ki, lider onları – etirazçıları emosional bir həddə çatdırsın, o halda, meydandakılar tonqal ətrafında atılıb-düşən ibtidai əcdadları kimi emosional tərzdə siyasi kumirlərinə dəstək nümayiş etdirəcəklər. Deyilənə görə, Paşinyan bunu–kütləni emosional vəziyyətə çatdırmağı bacarır. Hər halda, bu adam C.Sarkisyanı həmin kütlənin köməyilə devirə bildi və bu, mütləq nəzərə alınması vacib gələn amildir.

Amma kütlənin liderindən soyuması halları da olur. Belə hallarda yaxşısı onun üzünü görməməkdir, çünki kütlə həm yaddaşsız olur, həm də ki, fərdlərdən fərqli oaraq, kütləni özünün necə görünməsi maraqlandırmır, ən azı ona görə ki, fərdlər kütlədə öz əkslərini axtarırlar, kütlə fərdlərdə yox!..

Elə Paşinyanın da bir məqsədi guya kütlənin onun 100 günlük hakimiyyətinə münasibətini öyrənməkdir. Bəli, kütlə 100-ün artmasına da dəstəkiçi ola bilər, bitməsinə də.

Əlbəttə, bizim erməni cəmiyyətinin əvəzinə “qiymətləndirmələr” aparmaq fikrimiz qəti yoxdur. Amma böyük hesabla bu 100 gün yalnız ziddiyyətli bəyanatlarla və bir də bir - iki həbslə yadda qalıbdır.

Yadınıza gəlirsə, Paşinyan parlamentə guya baş nazir kimi proqram da təqdim etmişdi. Amma hətta ona simpatiyası olan təhlilçilər belə həmin o sənəddən diqqətəlayiq bir-iki tezis tapa bilmədilər. Parlament də küçənin xofu hələ canında qaldığı üçün dərinə getmədi, “Qəbul etdik” deyib yeni baş naziri yola saldılar.
O vaxtlar da yazmışdıq ki, N.Paşinyanın parlamentə proqram təqdim etmək üçün hələ mandatı yoxdur – seçkilər olar, məlum olar ki, seçicilər həqiqətən də ona dəstək verirlər və bu halda artıq o, özünü əsl baş nazir kimi hiss edərək parlamentə hətta proqram da təqdim edə bilər (həm də etməlidir!..).

Hələliksə hər şey inqilabın məntiqilə gedir. Onun məntiqisə sadədir: tutmaq, asmaq və kəsmək! Yox, sizə elə gəlməsin, Ermənistandakı son proseslər bizə ləzzət etmir, edir, özü də yetərincə! Kriminal Qarabağ klanının ifşa edilməsi və motivindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsi, “Qarabağ qəhrəmanları”nın müttəhimlər kürsüsündə əyləşməsi bütün halda ermənilərin otuz ildə apardığı Qarabağ prosesini ifşa edir, ölkənin içində və dışında insanları düşünməyə vadar edir. İçəridə insanlar “Bunlardırmı bizim qəhrəmanlarımız?” deyə soruşurlar, çölündə isə “Bəlkə bunlar rədd olsa... “ deyirlər. Ona görə də Paşinyanın apardığı savaş bütün hallarda təqdirəlayiqdir, çünki həmin savaş nə vaxtsa, olmalı idi: mərkəzi erməni elitası əyalətdən gəlmiş “Artsax elitası”na savaş açmalı idi...

Hüseynbala Səlimov