“Heç bir hərəkat Ermənistanı inkişaf etdirə bilməz” - Deputat

Ermənistanda keçmiş prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbs edilməsi Rusiyanın hiddətinə səbəb oldu. Məxməri inqilabın gedişi zamanı Rusiya Ermənistana hərbi və iqtisadi təzyiqlərlə mesaj verirdisə, bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi ilə əlaqədar bildirdi ki, Ermənistanın yeni rəhbərliyi siyasi təqiblərə yol verməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara baxmayaraq, hazırda bunun tam əksinə davranış sərgiləyir:

  • “Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi general Xaçaturov və keçmiş prezident Koçaryan dövlət çevrilişinə cəhddə ittiham olunur. Moskva rəsmi İrəvanın müttəfiqi kimi Ermənistanda sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Ermənistanda baş verənlər bizi narahat etməyə bilməz”.

Qeyd edək ki, həbslərin gündəmə gəldiyi gündən etibarən bunun Kreml tərəfindən doğru qarşılanmayacağı bildirilirdi. Lavrovun açıqlamasından da göründü ki, Moskva İrəvanda baş verənləri həzm edə bilmir.

Mövzunu YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə ilə davam etdirdik. Onunla Nikol Paşinyanın rəhbərlik etdiyi indiki Ermənistan hakimiyyətinin "Qarabağ klanı”na qarşı təzyiqləri barədə danışdıq.

Deputat bildridi ki, Ermənistanda nə vaxtsa Koçaryan, Sarkisyan xuntasına qarşı bir hərəkat başlamalı idi. Cinayətkar “Qarabağ klanı” hakimiyyəti ələ keçirdikdən sonra Ermənistan iflic vəziyyətə düşmüşdü. Onun müvafiq dövlətlərdən təcrid vəziyyətində olması, Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyinə görə izolyasiyaya düşməsi və inkişaf tempinin enməsi əhalinin təcrid edilməsinə, ölkənin çökməsinə səbəb olmuşdu:

“Ona görə də aşağıdan gələn sosial sifarişlərin kimlər tərəfindən idarə edilməsinin kütlə üçün elə bir əhəmiyyəti yox idi. Kütlənin əhval-ruhiyyəsinə daha çox cavab verən Nikol Paşinyan isə bu gün ilk növbədə sosial sifarişi yerinə yetirərək “Qarabağ xuntası”nın nümayəndələrinə qarşı kəskin mübarizə aparır. Məlum olduğu kimi, Koçaryan və Sarkisyanın da kifayət qədər cinayətləri, ilk növbədə iqtisadi cinayətlərdə iştirakları olub. Paşinyanın bu mübarizəni davam etdirəcəyini düşünürəm”.

A.Mirzəzadə qeyd etdi ki, Ermənistan cəmiyyətinin bir hissəsində belə bir təkliflər var ki, Qarabağ siyasətini dəyişməklə, ölkə daxilində müəyən təmizləmə işləri aparmaqla Ermənistanı ayaq üstə saxlamaq olar. Amma nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayıb, heç bir hərəkat, heç bir siyasət Ermənistanı inkişaf etdirə bilməz.

Rusiyanın Koçaryanla bağlı etirazına gəldikdə isə deputat bu məsələdə söhbətin təkcə Koçaryandan getmədiyini vurğuladı:

“Rusiya sadəcə olaraq, Ermənistanın Rusiya ilə yaxşı münasibətlər qurmasında maraqlıdır. Küçədən gələn Nikol Paşinyanın hələ də siyasətdə küçə təfəkküründə olduğu aydındır. Ona görə də Rusiya artıq öz maraqlarını açıq şəkildə ifadə edir. Digər tərəfdən, bu gün Ermənistanın ayaqda durmasının, yaşamasının əsas şərti Rusiyadır. Rusiyanın dəstəyi, köməyi olmasa, hətta Ermənistan bir dövlət kimi mövcud ola bilməz. Bu baxımdan, Ermənistanda baş verən proseslərin hara qədər gedəcəyini demək bir az çətindir”.

Ancaq bir məsələni də vurğulayaq ki, Ermənistanın inkişafı nə Rusiya ilə, nə də Qərblə münasibətlərin yaxşılaşmasından keçir. İlk növbədə qonşu dövlətlərlə münasibətlər təmin olunmalıdır. Hər şeydən əvvəl Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə hörmət edilməlidir. Bunlar omadıqca hakimiyyət nə qədər dəyişsə də itirən yenə Ermənistan olacaq.

Elgün Mənsimov
AzNews.az