- Köhnə - Siyasət
- 24 Avqust 2018 16:07
- 9 132
“Turqut Özalın təklifini qəbul etmədik” - Elçibəyin silahdaşları
Azərbaycan Xalq Demokratik Partiyasının başqanı Rafiq Turabxanoğlu AzNews.az-a müsahibəsində 1990-cı ilin əvvəllərində mənəvi Turan dövlətinin yaradılması ideyası ilə bağlı maraqlı faktlar açıqlamışdı. O, bildirmişdi ki, 1992-ci il 30-31 oktyabrında Bakıda keçirilən Turanın qurultayında əsas olaraq 15 bənd müzakirəyə qoyulub. Bu bəndləri yerinə yetirmək üçün nəzərdə tutulurdu ki, Vatikan tipli mənəvi dövlət qurulsun.
R.Turabxanoğlu ilə müsahibədə Türkiyənin eks-prezidenti Turqut Özalın və Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin Turan dövlətinin yaradılması barədəki təklifləri daha çox diqqət çəkir:
“O vaxt Orta Asiyanın ən nüfuzlu şəxsi Çingiz Aytmatovla görüşdük. Orada Monax deyilən bir düzəngah var, oraya hətta bir vertolyot yolu da çəkdilər. Monax bayramında orada Məkkəyə oxşar bir şey düzəltdilər və dedilər ki, bunun da ortasına Türk dünyasının ərazisinə düşmüş böyük və qiymətli daşlardan abidə qoyacağıq, insanlar gəlib ona baxacaqlar. Bu da bizim mənəvi mərkəzimiz olacaq. Turqut Özal isə məsələni konkret qoydu ki, siz yeni yaranmış dövlətlərsiniz və bir misal da çəkdi ki, Vatikan ona görə yaşayır ki, İtaliya kimi dünyanın tanıdığı bir dövlətin içindədir. O dedi ki, siz bunu saxlaya bilməyəcəksiniz, gətirin Turan dövlətinə İstanbulun Avropa tərəfini verək, Bosfor boğazından gələn gəlirlə də onu təmin edək. Mən gəldim Əbülfəz bəylə danışdım, o dedi ki, ideya bizim, hər şey bizim, bir azdan da neftimiz çıxacaq, Cavanşir qalasını da tikəcəyik, bu da olacaq rəmzi Turan dövləti…”.
Bu mövzuda Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarının da fikrini öyrəndik.
Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası funksioneri Telman
Siyabov bizimlə söhbətində bildirdi ki, o zaman mənəvi Turan dövlətinin yaradılması istiqamətində aparılan bu müzakirələrdən onun da xəbəri varmış:
“Həmin müzakirələrdə birbaşa iştirak etməmişəm. Amma Turqut Özalın bu təklifi barədə eşitmişəm. Rafiq müəllimin özü də bununla bağlı danışıb. Amma Əbülfəz Elçibəyin Turqut Özalın təklifini qəbul etməməsi və Cavanşir qalası barədə fikirlərini eşitməmişəm. İndi siz deyirsiniz, bilirəm. Ona görə də bu barədə ətraflı danışa bilməyəcəm”.
Digər həmsöhbətimiz prezidentlik dönəmində Əbülfəz Elçibəyin müşaviri olmuş Aydın Abbasovdur (Türk Aydın). O, sözügedən məsələdən xəbərdar olduğunu dedi:
“Turqut Özalın təklifi bizim tərəfimizdən qəbul edilən deyildi. Bütün hallarda biz həmişə
hesab etmişik ki, mənəvi Turan dövlətinin mərkəzi Azərbaycan olmalıdır. Türkiyə ilə Türküstanı bağlayan bir qol kimi, Şimali Qafqaza bağlı bir yer kimi ən doğru seçim Azərbaycan idi. Mənim fikirlərim 20-ci əsrin əvvəllərində yaşamış Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun fikirləri ilə daha çox üst-üstə düşür. Onlar da Turanın mərkəzi kimi Azərbaycanı görürdülər. Ümumiyyətlə, Turan barədə hərəmizin bir fikri var idi. Amma əlbəttə ki, Əbülfəz bəyin dediklərinə həmişə şərik olmuşam. Çünki bu məsələdə bizim yanaşmamız təxminən eyni idi. Ona görə də mən hər zaman Əbülfəz bəyə turançıların lideri və bir dostum kimi baxmışam. Onu bütün ömrünü Turan eşqi ilə yaşayan bir şəxs kimi tanımışam”.
Elgün MƏNSİMOV
AzNews.az