Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onu Xankəndi aeroportunda Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb. Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onu Xankəndi aeroportunda Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Paşinyan qondarma müdafiə nazirini cəzalandırmaq istəyir - Rəylər

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onu Xankəndi aeroportunda Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Onun bu səfəri barədə Ermənistan KİV-i ətraflı məlumat vermir. Amma bəzi gümanlar var. Xüsusən də Dağlıq Qarabağda yerləşdirilən erməni ordusundakı qüsurlar, eləcə də Almaniya Kansleri Angela Merkelin Ermənistana gəlişindən dərhal sonra belə bir səfərin reallaşması şübhələri daha da artırır.

Mövzunu siyasi şərhçilərlə müzakirə etdik. Onlar da Paşinyanın Dağlıq Qarabağla bağlı ciddi narahatlığının olduğunu bildirdilər.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinin Angela Merkelin Ermənistana səfəri ilə əlaqədar olduğunu düşünmür. Onun sözlərinə görə, burada əsas məsələ Paşinyanın Qarabağdakı ordu rəhbərliyindən olan narazılığı ilə bağlıdır:

“Çünki hazırda Dağlıq Qarabağda yerləşən orduda ciddi qüsurlar var. Hətta Ermənistan dövləti öz əsgərini adi alt paltarı ilə təmin edə bilmir. Artıq Ermənistanda zabitlərin maaşını da azaldıblar, hətta müqavilə ilə xidmət edən hərbi quluqçuların hərbi hissələrdə dövlət hesabına qidalanmasını da dayandırıblar. Yəni Ermənistan ordusu hazırda pis gündədir, bu vəziyyət gündən-günə daha da pisləşir. Dağlıq Qarabağın qondarma rəhbərliyi üzərinə düşən işin öhdəsindən gələ bilmir. Təbii ki, bu da birbaşa Paşinyan hökumətinin qüsurudur”.

Amma politoloq hesab edir ki, Paşinyan bu yarıtmazlığı Dağlıq Qarabağın qondarma müdafiə nazirinin boynuna qoymaq istəyir. Ona görə də, onun Dağlıq Qarabağa bu səfəri ordudakı vəziyyəti müzakirə etmək və hərbi rəhbərlikdə olan kimisə cəzalandırmaq məqsədi güdür.

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, Ermənistan işğalçı dövlətdir, Paşinyan da bu dövlətin işğalçı siyasətini davam etdirir. Yəni Ermənistan rəhbərliyi öz ampulasında qalır:

“Paşinyanın Dağlıq Qarabağa səfəri yəqin ki, oradakı hərc-mərcliklə bağlıdır. Çünki ürəkaçan olmayan məlumatlar gəlir, orduda “dedofşina”nın yayılması barədə xəbərlər dolaşır. Bir növ, bu səfər silahlı qüvvələri yoxlamaq məqsədi güdür. Digər tərəfdən, bundan əvvəl Serj Sarkisyan bölgəyə səfər edib, eyni zamanda, Robert Koçaryanın adamları Dağlıq Qarabağda, Xankəndidə möhkəmlənib. Burada Paşinyan əleyhinə bir blok qurulduğunu hamı bilir. Zənnimcə, Paşinyanın məqsədi təkcə bu blokun rəhbərliyi ilə görüşmək deyil, həmçinin, Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi ilə görüşüb ona sərt tapşırıqlar verməkdən ibarətdir. Bir sözlə, Dağlıq Qarabağın Paşinyan üçün narahatedici bir bölgə olduğu gün kimi aydındır. Bu mənada Paşinyan yəqin ki, Dağlıq Qarabağa xoş niyyətlə gəlməyib. Güman ki, ona qarşı yönələn təxribatları önləmək niyyətindədir”.

Q.Hüseynli də Paşinyanın Dağlıq Qarabağa budəfəki səfərinin Angelə Merkelin Ermənistana səfəri ilə bir əlaqəsi olduğunu zənn etmir. Politoloqa görə, bu, sırf hakimiyyət daxilindəki təlaşla, narahatlıqla bağlıdır.

Elgün MƏNSİMOV
AzNews.az