Dünən Real Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirdi və bununla açıq siyasətdə zühur etdiyini rəsmən sərgiləmiş oldu. Dünən Real Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirdi və bununla açıq siyasətdə zühur etdiyini rəsmən sərgiləmiş oldu.

İlQAR gün işığında əriməyə məhkumdur

Dünən Real Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirdi və bununla açıq siyasətdə zühur etdiyini rəsmən sərgiləmiş oldu.

Doğrusu, “zühur” kəliməsindən istifadə etməkdə məqsədim İlqar Məmmədovun bu addımını aşağılamaq, yaxud kinayə ilə qarşılamaq deyil. Siyasətə qatılmaq haqqdır, hüquqdur!

Sadəcə, “İlqar Məmmədov açıq siyasətə qayıtdı” demək yerinə düşmür ona görə ki, onun həbsxanaya, öz təqdimatları ilə desəm, “hərəkat” kimi qoyub getdiyi “Real” siyasi partiya elan olunub. Həmçinin “siyasətə gəldi” demək də münasib deyil, çünki İlqar Məmmədov bu sahədə fəaliyyətə çox-çox uzun illər öncə- AMİP-dən başlayıb.

Madam, keçmiş məhbus siyasi iddialarını rəsmən ortaya qoydu, sırf etik ilmələrlə hörülən “toxunulmazlıq köynəyi”ni mətbuat konfransı keçirməklə əynindən çıxardı, deməli, iddialarını və müxalif düşərgədəki bəzi kəsimlərin ondan gözləntilərini təftiş etməyə də əsas yaratdı.

Zənnimcə, İlqar Məmmədovun hətta müxalif düşərgədə ciddi siyasi nailiyyət əldə edə biləcəyini düşünən, onun adı üzərindən siyasi xəyallar quran hər kəs gec-tez dərin məyusluq keçirəcək və ömrünün növbəti mərhələlərində bu məyusluqdan doğan nəticələri bioqrafiyalarından silməyə çalışacaqlar.

Nədənlərini bir-bir deyəcəm, tələsməyək, ilk növbədə qayıdaq İlqar Məmmədovun AMİP-çi olduğu günlərə.

İlqar Məmmədov siyasətə vaxtilə Etibar Məmmədov tərəfindən “qırmızı zənbil”də gətirilib və onun yanında tərcümə-filan işləri görüb. Başqa sözlə, İlqar Məmmədov AMİP rəhbərliyində, məsələn, indi həmin partiyada olub-olmadığını bilmədiyim Adnan Novruzov kimi aşağıdan yuxarı, baryerlər aşaraq, pillə-pillə yüksələrək qərar tutmayıb. Bildiyim və eşitdiyim qədər Razi Nurullayev Əli Kərimlinin müavin- tərcüməçisi olduğu zamanlarda AXCP-nin tabanında qəbul olunmadığı kimi, sıravi milli istiqlalçılar da İlqar Məmmədovu heç zaman özlərinə yaxın və doğma tip kimi qəbul etməyiblər.

AMİP Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi partiyasıdır və heç kimə sirr deyil ki, zamanında son dərəcə yaxşı təşkilatlanmışdı. Günü bu gün də Azərbaycan siyasətində həmin partiyanın sıralarından qopan xeyli isim var, o isimlərin hər biri, hətta Abutalıb Səmədov da “Azərbaycan Naminə Alyans” partiyası yaradanda təşkilatdan özü ilə xeyli adam apara bilmişdi. Amma baxın, İlqar Məmmədovun çevrəsində bir zamanlar AMİP-də, mərkəzi qərargahı heç demirəm, bir rayon təşkilatı səviyyəsində söz sahibi olmuş kimsə varmı?

İkincisi, “Real” illərcə öz proqramını yaza, təşkilati oriyentasiyasını tapa bilməsə də, sosial şəbəkələrdə aktiv olan bir neçə şəxsin ittifaqı olaraq meydana çıxmışdı. Həmin adamlardan da ən tanınmışı Erkin Qədirli idi. Lakin bu gün Qədirlinin “Real” rəhbərliyində təmsil olunmaması, “nəzakət xatirinə” sıravi üzv kimi qalması hər kəsə bəllidir. O cümlədən iqtisadçı Rövşən Ağayev də təsisçilərdən olsa da, indi “Real”dan reallığa addım atmış durumdadır.

Təsəvvür edin, ciddi siyasi iddiaları olan bir şəxs qura-qura bir dərnək qurur, o dərnəyin də üzdə olan şəxsləri bir-bir pencəyini götürüb gedir...

Sizcə bu nəyin əlamətidir?

Bəli, birincisi, onun əlamətidir ki, İlqar Məmmədovun liderlik keyfiyyətləri yoxdur. Heç kim özünü aldatmasın, İlqar Məmmədovda birincilik qumaşı olmayıb, olmayacaq da!

İkincisi, İlqar Məmmədov yaxşı təşkilatçı və komanda oyunçusu da deyil, uzlaşdırıcılığı bacarmayan, öz şəxsi mənfəətlərini ön planda tutan, yekəxana, provakativ, avantürist bir tipdir. Onun İsmayıllı hadisələrinə qarışması da həm də elə bu keyfiyyətlərindən qaynaqlanırdı.

Üçüncüsü, İlqar Məmmədov açıq siyasət və xalq adamı deyil. Səhv etmirəmsə, 2005-ci ildə İlqar Məmmədov Binəqədidən deputatlığa aday və həmin dairədə autsayderlərdən olmuşdu. Əgər yaddaşım məni aldatmırsa, həmin dairənin demoqrafik parametrlərinə uyğun olmayan Razi Nurullayev belə ondan daha yaxşı nəticələr göstərmişdi. Belə izah edim. Əgər parlament seçkilərində də futbol çempionatı ilə eyni şərtlər olsaydı, İlqar Məmmədov kümə düşməli və bir daha oradan çıxmamalı idi, çünki siyasətin alt liqasında da ondan xeyli güclü oyunçular var.

Soruşa bilərsiniz ki, bəs, bu “Real” söhbəti necə yarandı, İlqar Məmmədovu “yaxşı siyasi lider” olduğuna kim inandırdı?

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, İlqar Məmmədov bir zamanlar ABŞ səfirliyində çalışıb, elə siyasətə də həmin səfirlik tərəfindən ezam edilib. O, həmçinin ABŞ-ın məşhur Marşall Fondunun Azərbaycandakı əlaqələndiricisi, Soros Fondunun rəhbərlərindən biri olub. Bu cür görəvləri isə adətən öz dövlətini və milli maraqlarını satmağa hər an hazır olan adamlara verirlər və bəribaşdan da kompromatlarını əllərində hazır saxlayırlar ki, sonra itaətsizlik edə bilməsin.

Əgər xatırlayırsınızsa, bir dəfə ADP sədri Sərdar Cəlaloğlu konkret açıqlama vermiş və Dağlıq Qarabağla bağlı İlqar Məmmədovun xəyanətkar bir sənədə imza atdığını bildirmişdi. Gəlin onu dinləyək:

“İlqar Məmmədov... AMİP-dən çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi…”

Təsəvvür edirsiniz, adam hələ partiya sədri- hərçənd partiya adına layiq bir təşkilatlanma da yoxdur- kimi fəaliyyətə dünən başlayıb, amma illər öncə Qarabağı satmaq və Azərbaycana xəyanət etmək anlamına gələn bir sənəd imzalayıb! Onun həbsdən buraxılması üçün Azərbaycan hakimiyyətinə az qala Avropa qurumlarının ofislərindəki pişiklərin də minnətçi düşməsinin əsl səbəbi bu idi.

Bəli, bu gün İlqar Məmmədov ya damağında Qərbin qrant pullarının şirəsi qalmış kiçik bir qrupun, ya da Zöhrab İsmayıl sayaq erməni lobbisinin təsirində olan beynəlxalq təşkilatların puluna göz dikmiş “eksept”lərin sevimlisidir, bu təbəqə də siyasi baxımdan həddən artıq sürüşkən məxluqlardan ibarətdir. Onlar ilk işarə ilə İlqar Məmmədovu, çox uzağa getməyək, elə Xədicə İsmayıla min dəfə satarlar.

Söz gətirmişkən, lap elə bu yaxınlarda Almaniya kansleri Angela Merkel Bakıya gəlmişdi və səfər prorqamına “vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş” də salınmışdı. Müxtəlif qaynaqlardan dəqiqləşdirdiyim məlumata görə, həmin görüşdə İlqar Məmmədovun da iştirak etməsi üçün çox ciddi səylər göstərilib və bu səylərin arxasında Avropa Parlamentinin üzvü Martin Sonnebrorn dayanıb. Bu həmin Sonnerbrorndur ki, avqustun sonlarında Dağlıq Qarabağa səfər etmişdi. Onu həmin səfərdə Avropa təsisatlarındakı ermənipərəstlər də deyil, bilavasitə ermənilər- Qaspar Karapetyan və Hegine Evinyan müşayiət edirdi. Sual olunur: bütün ömürlərini Azərbaycanın, Türkiyənin əleyhinə mübarizəyə sərf etmiş bu isimlər nədən İlqar Məmmədova qarşı bu qədər yanımcıl olsunlar? Cavab elə sualın içindədir!

İlqar Məmmədov sayaq birinin Azərbaycanda lider olmaq, hakimiyyət uğrunda real mübarizə aparmaq perspektivi yoxdur. Əvvəla ona görə ki, dövlətimizin başında İlham Əliyevin timsalında milli maraqlarımızı ləyaqətlə qoruyan, son dərəcə yüksək intellektə, zəngin dünyagörüşə və böyük təcrübəyə malik bir lider dayanır. Tam səmimiyyətlə və inanaraq söyləyirəm, İlqar Məmmədov qarşıdan gələn ilk bələdiyyə seçkilərində namizəd olsun, namizəd olacağı istənilən dairədə elə YAP-çı gənclərlə qarşılaşar ki, onların qabağında öz qapıbir qonşularının belə səsini ala bilməz.

Fəqət İlqar Məmmədovun bələdiyyə səviyyəsində rəqabət aparması, necə deyərlər, sahədə özündən “siyasi lider” olaraq danışa bilməsi üçün ilk növbədə müxalifət düşərgəsində özünü təsdiq etməlidir. Mənim müşahidələrimə görə, Azərbaycanın milli azadlıq hərəkatının yetirmələri olan və bu gün müxalif düşərgədə qalan insanlar Tural Abbaslının dalınca gedər, onun arxasınca yox! Hamısı siyasət qazanında bişmiş insanlardır, yaxşı anlayırlar ki, İlqar Məmmədov bundan sonra yüz il əlləşsə belə, İsa Qəmbərin 2003-cü ildə malik olduğu resursların heç 10 faizini öz ətrafında cəmləyə bilməz. Məgər o, saçlarını hakimiyyət uğrunda qovğada ağartmış Rəsul Quliyevdən, yaxud 27 yaşında dövlət katibi olmuş Əli Kərimlidən təcrübəlidirmi? Axı İlqar Məmmədov Feysbukda nə deyəcək ki, İsa Qəmbər, Rəsul Quliyev, Əli Kərimli onu demir?

Uzun sözün qısası, İlqar qaranlıqda- məhbəsdə ağ görünürdü, indi gün işığına çıxdığından bütün qarlar kimi əriməyə məhkumdur...

Taleh Şahsuvarlı,

AzNews.az portalının Baş redaktoru