AzNews.az millət vəkili Tahir Rzayevin SİA-ya müsahibəsini təqdim edir: AzNews.az millət vəkili Tahir Rzayevin SİA-ya müsahibəsini təqdim edir:

“Paşinyan Rusiya prezidentinin ayaqlarına düşməyə hazırdır” - Tahir Rzayev

AzNews.az millət vəkili Tahir Rzayevin SİA-ya müsahibəsini təqdim edir:

- Tahir müəllim, Ermənistanın baş naziri Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşə tələsir. Sizcə, bu nə ilə bağlıdır?

- Bu gün Paşinyanın ağır durumda olması onu tələsməyə məcbur edir. O siyasətçi kimi bütün koordinatları itirib. Birincisi, Ermənistan vassal bir respublikadır. Yəni ətraf dövlətlərin himayəsində olan respublikadır. Ermənistan hakimiyyəti uzun müddət təcavüzkar siyasət yeridib. İşğalçı ölkə nəyin ki, Azərbaycan torpaqlarına, digər torpaqlara da göz tikib. Bunlar daim işğalçılıqla məşğul olublar. Bu gün Paşinyanda bu siyasəti həyata keçirir. Lakin Rusiya müəyyən hallarda Köçaryanı, Sarkisyanı müdafiə və himayə edib. Bu dəfə Rusiya fərqli mövqe tutub. Səbəb Paşinyanın Qərbə üz tutmasıdır. Paşinyan artıq Rusiyanın təsirindən çıxmağa çalışır ki, rəsmi Moskvada buna heç cürə imkan vermək istəmir. Ona görə də, Paşinyana qarşı müəyyən təsirlər var. O cümlədən də, ölkənin daxilində də vəziyyət yaxşı deyil. O baş nazir seçilərkən insanlara müəyyən vədlər vermişdir ki, bir sıra problemlər həll olunacaq. Ancaq vədləri yerinə yetirə bilmədi. Bu azmış kimi, o qonşu dövlətlərlə, eləcə də, Rusiya ilə münasibətləri korlayıb. Elə Azərbaycanın özü ilə də. O doğurdan da erməni xalqının taleyini düşünsəydi müəyyən kompromislərə getməli və Dağlıq Qarabağ məsələsində haqqın, ədalətin yanında olmalı idi. Yəni düzgün mövqe tutmalı idi, beynəlxalq təşkilatların qərarlarına, BMT-nin qətnamələrinə və digər dövlətlərin bu barədə dediyi fikirlərə tərəfdar çıxmalı idi. Ancaq o da şovinst millətçilik yolu tutdu və hakimiyyətə gələndən sonra ilk səfərləri işğal altında olan Azərbaycan ərazilərinə etdi, sərsəm bəyanatlar verdi və s. Rusiya ilə əlaqələrini itirilməsi əsas verir ki, Paşinyan hakimiyyətdən tezliklə gedəcək. Ona görə də, Paşinyan Vladimir Putinlə görüşə tələsir, nəyin ki, tələsir, hətta yüyürmək istəyir. Hətta yeri gəlsə Paşinyan Rusiya prezidentinin ayaqlarına düşməyə hazırdır. Çünki o yerində olan bir siyasətçi deyil.

- Ermənistanda anti-Rusiya əhval ruhiyyəsinin güclənməsi nəticə etibarı ilə Paşinyan başqa birisi ilə əvəz edilməsinə gətirib çıxarda bilər?

- Paşinyanın baş nazirliyi müvəqqətidir və o ölkəni idarə etmək imkanına malik deyil. Ölkənin idarə olunması qonşularla əlaqələrin möhkəmlənməsindən, sülhsevər siyasətin yeridilməsindən asılıdır. Təəssüflər olsun ki, Ermənistan uzun müddətdir bu məsələlərdə radikal mövqe tutur, millətçi mövqe sərgiləyir. Ümumiyyətlə, erməni xalqı, erməni siyasətçiləri qonşu dövlətlər olan Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı daim radikal mövqedə olublar. Yəni, hər zaman erməni siyasətçiləri, erməni rəhbərləri ikili mövqedə olublar. Onlar istənilən vaxt öz müttəfiqlərini sata bilərlər. Bunu Rusiyada çox yaxşı bilir. Köçaryanın və Sarkisyanın hakimiyyəti dövrlərində bəlli oldu ki, bunlar istənilən vaxtı müttəfiqlərini, həm də himayədarlarını sata bilərlər. Bu onların xislətidir. Rusiyada bunu yaxşı bilir. Ancaq Rusiya hər vədlə Ermənistanı əlində saxlamaq istəyir. Çünki Ermənistan Rusiyaya müəyyən məsələlərə görə, lazımdır. Bu gün bizim Rusiya ilə yaxşı münasibətlərimiz var və bu münasibətlər ölkə rəhbərinin dediyi kimi son illər daha da möhkəmlənib və daha da genişlənib. Dağlıq Qarabağ məsələsinin həllində Rusiya qəti sözünü deməlidir. Rusiya qəti sözün desə, Paşinyan kimi adamlar ayaq açıb cığallıq etməzlər, ya da digər ölkələrlə münasibətə girib Rusiyanı çətin vəziyyətə salmazlar və satqın mövqedə olmazlar.

AzNews.az