“Rəsul Quliyev məndən yalnız pulunun çoxluğuna görə üstün ola bilər”

"Rəsul Quliyev mənə yuxarıdan aşağı baxdığını deyib. Bu, qeyri-adi bir şey deyil. O xalqa yuxarıdan aşağı baxan, "bədbaxt xalq" deyən birisidir". APA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "Facebook" şəbəkəsindəki statusunda yazıb.

Arif Hacılı Rəsul Quliyevin bir zamanlar Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə səs vermədiyini xatırladıb: "Mən doğrudan da gəlir-çıxar işlərini yaxşı bilmirəm. Belə şeylərdə o mahir olar. Amma mən doğulduğum rayonun da,ölkəmin də problemlərini yaxşı bilirəm. Üzvü olduğu YAP-dan, sədri olduğu ADP-dən qovulan Rəsul Quliyevdən fərqli olaraq ölkənin iki nəhəng təşkilatının - AXC və Müsavatın qurucularından (bərpaçılarından) və rəhbərlərindən biri olmuşam. İndi də ölkənin ən nüfuzlu təşkilatının rəhbərlərindən biriyəm".

Arif Hacılı statusunda Rəsul Quliyevi dövlətçilik təfəkküründən uzaq adam adlandırıb: "1992-93-cü illərdə bizim həqiqətən səhvlərimiz olub. Məğlubiyyətimizə səbəb olanların cinayəti Rəsul Quliyev ,Surət Hüseynov kimi təsadüfi, dövlətçilik təfəkküründən uzaq, nəfsi təmiz olmayan adamları görəv başına gətirmələri idi. Həmişə belə mövqedə olmuşam. O vaxt da, sonra da, indi də".

Müsavat funksioneri Rəsul Quliyevin ona yuxarıdan aşağı baxması barədə fikirləri absurd sayır: "Bir dostumuz yazmışdı ki, Rəsul Quliyev yalnız pulunun çoxluğuna görə Arif Hacılıdan üstün ola bilər. Mən birini də əlavə edirəm. Rəsul Quliyev Arif Hacılıdan yalnız pulunun və iddialarının çoxluğuna görə üstün ola bilər"

AzNews.az