KXCP-dən Gülalıyevin ittihamlarına cavab

“Partiyada bu vəziyyəti gördükcə dəhşətə gəlməklə yanaşı, xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunun bir daha fərqində oldum. Bilirsinizmi niyə? Deməli, xalqımız haqlı olaraq belə "müxalifətçilər"in, "liderlər”in arxasınca getməyib. Onların çağırışına səs verməyib. Onları hakimiyyətə gətirməyib. Yoxsa bilirsinizmi nə baş verərdi? Böyük bir faciə...

AzNews.az xəbər verir ki, bu fikilər KXCP sədrliyinə namizəd Oktay Gülalıyevə məxsusdur. O, partiya rəhbərliyini yarıtmaz idarəçilikdə ittiham edib:

“Ölkənin 1 nömrəli təşkilatının, vaxtilə Elçibəyin rəhbərlik etdiyi milli demokratik təşkilatın bu vəziyyətə salınmasını görmək çox ağır və dəhşətlidir. Mirmahmud Mirəlioğlu o nəhənglikdə təşkilatı dağıtdığı, rəzil günə saldığı, dişsiz vəziyyətdə qoyduğuna görə partiya üzvlərindən və xalqdan üzr istəyib istefa vermək əvəzinə təşkilatın sonuna çıxmaq qərarına gəlib. O, partiyada olan əxlaqlı, mübariz, əqidəli adamları təşkilatdan uzaqlaşdırmaqla məşğuldur. Bu adam partiyada əməlli-başlı diktatorluq iddiasına və xəstəliyinə tutulub. Amma o deyəsən başa düşmür və anlamır ki, xalqımız və bütün demokratik dünya diktatorları sevmir, onları tarixin zibilliyinə yola salırlar”.

Sədrliyə namizəd vurğulayıb ki, partiyadan istefa verməyəcək: “Mirmahmud Mirəlioğlu istəyir ki, KXCP-dən istefa verim, bu məsələ bitsin. Mən bu partiyadan heç yerə gedəsi deyiləm. Mübarizəmi də sona qədər aparacam”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu “AzNews.az”a açıqlamasında bildirdi ki, partiya rəhbərliyi Oktay Gülalıyevin şəxsi səhifəsində qaldırdığı məsələləri rədd etsə də diqqətdə saxlayır. Amma bu məsələlər partiyanın qurultayında aparılan müzakirələrdə demokratik formada öz həllini tapacaq:

“Mən ümumiyyətlə, bu məsələnin partiya daxilində müzakirəsinin tərəfdarıyam. Qurultaydan öncə bununla bağlı nəsə demək doğru olmaz. Hər şeyin demokratik və şəffaf formada öz həllini tapmasını arzulayıram”.
X.Teyyublu qeyd etdi ki, KXCP demokratik təşkilatdır. M.Mirəlioğlu da növbəti qurultayda sədrliyə namizəd olacağını açıqlayıb. O, hazırda partiyanın sədridir. Qurultay günü təyin edildikdən sonra Mirmahmud Mirəliğlu partiya sədrliyinə namizəd sayılacaq. Bütün bu məsələlər qurultayda həll ediləcək.

Partiya qurultayının nə zaman keçiriləcəyinə gəldikdə isə X.Teyyublu dedi ki, hələlik dəqiq bir məlumat yoxdur. Çünki nizamnaməyə görə, partiyanın yerli təşkilatları konfranslar keçirir. Bu konfranslar bitdikdən sonra partiya qurultayının keçiriləcəyi yer və zaman Ali Məclsin qərarı ilə elan olunur. Hələ ki, yerlərdə toplantıların keçirilməsi davam etdiyi üçün qurultayın da konkret olaraq nə vaxt keçiriləcəyini öncədən demək mümkün deyil.

Elgün MƏNSİMOV
AzNews.az