"Azərbaycan və Türkiyə ordusunun birgə qələbəsini qeyd etmək böyük şərəfdir" - Mövqe

“Hər bir Azərbaycan və türk vətəndaşı sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ilə bağlı keçiriləcək paraddan qurur duymalıdır. Çünki, 100 il bundan öncə sentyabrın 14-dən 15-nə keçən gecə Bakı şəhərinə Qafqaz İslam Ordusu və yenicə yaranan Azərbaycanın Milli Ordusu daxil olaraq onu işğaldan azad ediblər”.

AzNews.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Onun sözlərinə görə, əgər Qafqaz İslam Ordusu və yenicə yaranan Azərbaycan əsgərləri Bakıya daxil olmasaydı, ölkəmizdə nələrin baş verəcəyini sözlə ifadə etmək mümkün olmazdı: “Çünki mart ayından başlayaraq, bolşevik-daşnaq hərbi birləşmələri ölkəmizdə qətliam törədir, talanlar edir, insanları doğrayıb, kəsir, əmlaklarını qarət edirdilər. O dövrdə Qafqaz İslam Ordusu faktiki olaraq Azərbaycana gəlməsə idi, ölkəmizdə azərbaycanlı adında bir insan yaşamayacaqdı ”.

Qafqaz İslam Ordusunun nəzdində yaranan Azərbaycanın Milli Ordusunun Bakının işğaldan azad olunmasında böyük xidmətləri olduğunu dilə gətirən Y.Oğuz söyləyib ki, bu münasibətlərin fövqündə sabah keçiriləcək parada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi diqqəti çəkən məqamdır: “Azərbaycan və Türkiyə ordusunun birgə qələbəsini qeyd etmək böyük şərəfdir. Bu bir daha sübut edir ki, tarixən iki dövlətin arasını vurmağa çalışan qüvvələrin əməyi puça gedir, iki ölkə arasında dostluq, qardaşlıq davam edir”.

Baş redaktor əlavə edib ki, harada Türkün başı ağrısa o zaman həm Azərbaycan həm Türkiyə, həm də digər dövlətlər buna dəstək verir və verməlidirlər.

AzNews.az