- Köhnə - Siyasət
- 18 Sentyabr 2018 16:09
- 6 175
"15 sentyabr paradı çox gərəkliydi" - Firudin Cəlilov
“Mən Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasını təklif edən adamam. Həmişə də bu fikirdə olmuşam ki, belə bir konfederasiya yaradılmalıdır".
Firudin Cəlilov: “Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının aşkar təzahürü çox böyük tarixi əhəmiyyət daşıyır".
15 sentyabr - Bakının qurtuluşunun 100-cü ildönümünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında izlədiyi möhtəşəm hərbi parad damğa vurdu. Bu tarixi günü Azərbaycan xalqı unutmayacaq, necə ki, 100 il öncə Bakını qanı bahasına azad etmiş şəhidlərin xatirəsini əziz tutur və bu yolda canını fəda edənləri unutmur.
AzNews.az xəbər verir ki, 15 sentyabr hərbi paradı barədə fikirlərini "Şərq"lə bölüşən türkoloq-alim, professor Firudin Cəlilov bu hadisənin çox böyük əhəmiyyət daşıdığını dedi:
- 15 sentyabr paradı çox gərəkliydi. Həm siyasi baxımdan, həm tarixi, həm də ədalət baxımından. Yaxşı da keçdi. Hərbi parad eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin bir göstərgəsi oldu. Bizi istəməyənlərə də mesaj oldu. Hərbi paradın dəyərini obyektiv qiymətləndirmək lazımdır. Elə bir mürəkkəb tarixi dövrdə yaşayırıq ki, bu axın bizi hara aparacaq, bilmirik.
Yaxın Şərqdə gedən proseslər göz önündədir. İraq, Suriya məsələsi göydən düşməyib. Burada böyük qüvvələrin marağı və məqsədi var. Belə bir vaxtda Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının aşkar təzahürü çox böyük tarixi əhəmiyyət daşıyır. Birmənalı olaraq etiraf etməliyik ki, 1918-ci ildə türk ordusu gəlməsəydi, Bakını birdəfəlik itirəcəkdik.
O zamankı Bakının vəziyyətini göz önünə gətirək; yerli əhali - müsəlmanlar şəhərdən faktiki qovulmuşdu. Şəhərin müsəlman əhalisi, bakılılar Bakı kəndlərinə sığınmışdılar. Şəhər bolşevik-daşnakların əlində idi. İngilis qoşunu şəhəri daşnaklara təhvil vermişdi. Belə bir vaxtda türk ordusu Bakını xilas etdi, onu Cümhuriyyətə və Azərbaycan xalqına geri qaytardı.
Yadınızdadır, bir neçə il əvvəl İran tərəfindən təyyarələr Xəzər üzərində uçuşlar etdi. Bu, bir növ bizə göz dağı idi. Amma sonra nə oldu? Türk şahinləri, türk "ulduzları" Bakı səmasına qalxdı. Mən o zaman bu uçuşları izləyən insanların gözündə sevinc yaşları gördüm. Türkiyə ilə Azərbaycan həmişə bir canda döyünən ürək olub.
Mən Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasını təklif edən adamam. Həmişə də bu fikirdə olmuşam ki, belə bir konfederasiya yaradılmalıdır. Konfederasiya dövlətlərin müstəqilliyini əlindən almır. Hər dövlət yenə müstəqil olaraq qalır, öz bayrağı, gerbi, dövlət atributları olur.
Sadəcə, bir neçə mühüm sahədə - məsələn, təhsil, əlifba, ordu, milli valyuta və s. sahələrdə ortaqlıq saxlanır. Belə vəziyyət dövlətlərin siyasi və iqtisadi gücünü daha da artırmış olur, eyni zamanda digər dövlətlərə də açıq mesaj olur ki, biz birgəyik, bir yerdəyik. İnanıram ki, hərbi paradda özünü göstərən birgəlik, qardaşlıq başqa sahələrə də təsir edəcək.
AzNews.az